Dövlət Gömrük Komitəsi Maliyyə Nazirliyinə birləşdirilə bilər - Vahid Əhmədov

Son dövrlər ölkəmizdə müxtəlif dövlət qurumlarının birləşdirilməsi, yenidən təşkili və idarəetmə strukturunun təkmilləşdirilməsi istiqamətində addımlar atılır. Son olaraq, oktyabrın 19-da Prezident İlham Əliyevin imzaladığı fərmanla TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib.

Zaman-zaman həyata keçirilən qurum birləşmələri digər hansı dövlət qurumlarının birləşdirilə biləcəyi məsələsini də gündəmə gətirir. Eyni zamanda, səsləndirilən təkliflərdən biri də Dövlət Gömrük Komitəsinin İqtisadiyyat Nazirliyinə birləşdirilməsidir.

Bəs Dövlət Gömrük Komitəsinin İqtisadiyyat Nazirliyinə birləşdirilməsi mümkündürmü?

Referans Media xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı alim, istiqlalçı deputat Vahid Əhmədov bildirdi ki, o, əvvəl TƏBİB-in Səhiyyə Nazirliyinə birləşdirilməsi ilə bağlı təklif verib:

"TƏBİB-in Səhiyyə Nazirliyinə birləşdirilməsi çox düzgün addım oldu. Səhiyyə vahid mərkəzdən idarə edilməlidir. Bunu iki yerə bölmək, hətta icbari tibbi sığortanı ayırmaq problemdir. İcbari tibbi sığortada da, səhiyyənin özündə də problemlər yarandı. Nəhayət, cənab prezident düzgün qərar verərək məsələni həll etdi".

Müsahibimiz daha hansı qurumların birləşdirilməli olduğundan da bəs etdi:

"Ümumi struktur islahatlarından aparılmalıdır. Əlbəttə, belə baxanda istər Gömrük Komitəsi olsun, istər Vergi Xidməti olsun, bunlar birbaşa, mən deyərdim ki, İqtisadiyyat Nazirliyinə yox, Maliyyə Nazirliyinə xidmət edən qurumlardır. Çünki biri vergi yığımı ilə məşğuldur, biri gömrükdə olan yığımlarla məşğuldur. Ona görə də struktur dəyişikliyi olanda artıq qərarı cənab prezident verməlidir: hansı komitə hara birləşdirilməlidir, necə edilməlidir. Amma yenə mən qeyd eləyirəm ki, ümumiyyətlə, struktur islahatlarına çox böyük ehtiyac var".


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki