Quba rayonunda 44 yaşlı kişi qonşusu olan qadına xəsarət yetirib.
Referans Media-ın əldə etdiyi məlumata görə, hadisə Quba şəhəri, G. Əsədov küçəsində baş verib. 1982-ci il təvəllüdlü Tural yaşadıqları evin qarşısında aralarında yaranmış mübahisə zamanı qonşusu Zəminənin (adlar şərtidir – red.) sol çiyin nahiyəsinə yumruqla qəsdən zərbə endirərək ona xəsarət yetirib.
Faktla bağlı Tural barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Tural ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Zəminə onun qonşusudur. Onun sözlərinə görə, qonşu olsalar da, aralarında tez-tez mübahisələr yaranır.
Təqsirləndirilən şəxs deyib ki, sonuncu dəfə hadisə günü saat 23 radələrində yaşadıqları evin qarşısında olduqları zaman aralarında mübahisə yaranıb. Onun ifadəsinə görə, mübahisə zamanı əsəbiləşərək Zəminənin çiyin nahiyəsinə yumruqla zərbə endirib və onu yerə yıxıb.
Turalın sözlərinə görə, daha sonra Zəminə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək onun barəsində şikayət edib. Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən peşman olduğunu bildirib.
Quba Rayon Məhkəməsinin hökmü ilə Tural 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Hökmdə qeyd olunub ki, təqsirləndirilən şəxsə Quba rayonunun inzibati ərazi hüdudlarını tərk etmək, hər gün saat 23:30-dan növbəti gün saat 06:30-dək yaşayış yerini tərk etmək qadağan edilib.
Bundan başqa, ona elektron nəzarət vasitəsini gəzdirmək və onun işlək vəziyyətdə saxlanılmasını təmin etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişməsi barədə əvvəlcədən məlumatlandırmaq tapşırılıb.
