Azərbaycanda qısa müddət ərzində tramvay xəttinin salınması işlərinə bsşlanacaq. Dəqiq vaxt bəlli olmasa da, artıq plan təsdiqlənib və paytaxtda nəqliyyat sıxlığını azaltmaq üçün nəzərdə tutulan sözügedən layihənin reallaşdırılması üçün tədbirlər davam etdirilir.
Layihənin həyata keçirilməsi üçün zəruri tədbirlərdən biri də uğurlu tərəfdaşın seçilməsidir. Əvvəllər Azərbaycanda səfərdə olmuş Çexiya Respublikasının nəqliyyat naziri İvan Bednari də bu məsələyə toxunmuş və Bakıda tramvay xəttinin inşası prosesində iştirak etmək istədiklərini bildirmişdi.
Bəs Azərbaycan tərəfi tərəfdaş kimi hansı ölkəni seçəcək? Bu istiqamətdə yekun qərar verilib mi?
Referans Media xəbər verir ki, mövzu ilə bağlı Plat.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, ümumiyyətlə, bu sualın cavabını vermək üçün ilk növbədə onu qeyd etmək lazımdır ki, bəli, artıq dövlət proqramına uyğun olaraq Bakıda tramvay xəttinin inşa olunması və istifadəyə verilməsi nəzərdə tutulub:
"Bildiyiniz kimi, bu tramvay ilə bağlı bütün təşkilati məsələlər Bakı Metropoliteninin səlahiyyətindədir. Hazırda texniki-iqtisadi əsaslandırma üzərində iş aparılır. Əsas xətlər və onların sxemi bəlli olmalıdır. Əsas istiqamətlər bəlli olduqdan sonra inşaat işlərinə başlanılacaq. Bununla bağlı müvafiq həm qanunvericilik, həm də texniki tələblər üzərində iş gedir".
Həmsöhbətimiz bildirdi ki, hələlik hər hansısa əməkdaşlıq olunacaq tərəflə bağlı məlumat vermək doğru olmazdı:
"Bu, sonrakı dövrün məsələsidir. Ən vacib məsələlər hələ bundan sonrakı dövrdə həllini tapmağa başlayacaq və mərhələli şəkildə ictimaiyyətə də bütün məlumatlar təqdim olunacaq".
Bəs seçimlər konkret hansı ölkələr arasında aparıla bilər?
Bəxtiyar Məmmədov bu sualı cavablamaq üçün də zaman lazım olduğunu bildirib:
"Hələ ki bu barədə danışmaq çox tezdir. Çünki prinsipial olaraq ilkin təşkilati, qeyd etdiyim texniki-iqtisadi əsaslandırma, sxemlərin, istiqamətlərin bəlli olması, layihələrin hazırlanması kimi işlər başa çatdıqdan sonra artıq fəal olaraq qeyd etdiyiniz istiqamətdə tərəfdaşların və müxtəlif istiqamətlər, ilk növbədə hansı istiqamətdən inşaat işlərinə başlanması və bu kimi məsələlərin hər birisi həllini tapacaq".
