ABŞ Prezidenti Tramp, Almaniya Kansleri Fridrix Merzi Ağ Evdə qəbul etdikdən sonra diqqətçəkən açıqlama verib. Tramp bildirib ki, İrana hücumlarda ölkədəki hərbi bazalardan istifadə edilməsinə icazə verməyən İspaniya ilə bütün ticarət əlaqələri dayandırılacaq.
Refertans Media xəbər verir ki, “ABŞ ordusuna bazalarını istifadə etməyə icazə verməyən İspaniya ilə bütün ticarət əlaqələrimizi kəsəcəyik. İspaniya ilə heç nə etmək istəmirik,” – deyə Tramp vurğulayıb.
ABŞ və İsrail, 28 fevralda İrana hərbi hücum başlatmış, İran isə cavab olaraq İsrail və ABŞ bazalarının yerləşdiyi region ölkələrində müəyyən hədəflərə zərbələr endirmişdir. İran Qızıl Aypara Cəmiyyəti ABŞ-İsrail hücumlarında 787 nəfərin həyatını itirdiyini açıqlayıb. Tramp əməliyyatın uğurla həyata keçirildiyini bildirərək, İranın hava müdafiə sisteminin qalmadığını qeyd edib.
“İran heç bir əlaqəsi olmayan ölkələrə hücum edir və yalnız mülki yaşayış məntəqələrini vurur. Ən pis ehtimal odur ki, İranın rəhbərliyinə daha pis biri gələcək. İranın rəhbərliyi üçün planladığımız şəxslərin çoxu artıq öldürülüb. Devrilmiş Şahın oğlu Rza Pəhləvi isə nəzərdə tutduğumuz namizədlər arasında deyil. İran rəhbərliyi üçün ölkə içindən birini seçəcəyik,” – deyə Tramp əlavə edib.
ABŞ və İsrail hücumları Tehran ilə Vaşinqton arasında danışıqlar davam edərkən baş verib. İran, həm İsrail, həm də ABŞ bazalarının olduğu Qətər, BƏƏ və Bəhreyn daxil olmaqla bir neçə bölgədəki hədəflərə cavab zərbələri endirib. Həmin hücumlarda, İran rəhbəri Ayetullah Əli Xamenei və bir sıra yüksək rütbəli rəsmi şəxs öldürülüb. Trampın İspaniyaya qarşı sərt mövqeyi, bölgədə gərginliyi daha da artırmaqla yanaşı, ticarət və diplomatiya sahəsində yeni böhranların başlanğıcını işarə edir.






















