ABŞ ilə İran arasında davam edən müharibə fonunda qlobal enerji marşrutları ətrafında gərginlik artmaqda davam edir.
Referans Media xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Çinə açıq mesaj göndərərək Hörmüz Boğazı ilə bağlı məsuliyyət daşımalı olduğunu bildirib və Pekinin mövqeyini sərtləşən tonda gündəmə gətirib.
ABŞ prezidenti bildirib ki, Çin idxal etdiyi neftin böyük hissəsini məhz bu strateji boğaz vasitəsilə əldə edir. Bu səbəbdən Pekinin boğazın yenidən açılması üçün daha fəal mövqe sərgiləməli olduğunu deyib. Trampın sözlərinə görə, “Çin də bu məsələdə kömək etməlidir. Çünki Çin neftinin təxminən 90 faizini bu boğaz vasitəsilə alır”.
Tramp həmçinin Si Cinpin ilə planlaşdırılan görüşə də toxunaraq, Pekinin Hörmüz Boğazı ilə bağlı hansı addım atacağını əvvəlcədən görmək istədiyini bildirib. O, Çin bu məsələdə aktiv rol oynamasa, planlaşdırılan zirvə görüşünün təxirə salına biləcəyinə işarə edib.
ABŞ və İsrail qüvvələrinin İran ərazisində hərbi hədəflərə zərbələr endirməsindən sonra regionda gərginlik daha da artıb. Bu vəziyyət dünyanın ən mühüm enerji keçid nöqtələrindən biri hesab olunan Hörmüz Boğazında tanker hərəkətinin ciddi şəkildə azalmasına səbəb olub. Qlobal neft ticarətinin təxminən 20 faizi məhz bu dar su yolu vasitəsilə həyata keçirilir.
Ekspertlər bildirirlər ki, boğazda yaranan hər hansı fasilə yalnız Yaxın Şərq regionuna deyil, bütün dünya enerji bazarına və qlobal iqtisadiyyata birbaşa təsir göstərə bilər. Xüsusilə Çin, Yaponiya, Cənubi Koreya və Hindistan kimi Asiya ölkələri neft idxalının böyük hissəsini bu marşrut vasitəsilə təmin edir.
Mütəxəssislərin fikrincə, bölgədə gərginliyin davam etməsi enerji bazarlarında qiymət dalğalanmalarını daha da gücləndirə bilər.
