Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp hər hansı təhlükə və ya hadisə baş verərsə, vitse-prezident Ceyms Devid Vensin onu əvəz etməsi üçün əvvəlcədən göstəriş verib. Bu, rəsmi protokol qaydası kimi izah olunub. Qeyd edək ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının terrorla mübarizə üzrə baş direktoru Sebastian Gorka “New York Post” qəzetinə müsahibəsi zamanı məlumat verib.
Hazırda bu cür açıqlamanın arxasında dayanan səbəb nə ola bilər?
Referans Media xəbər verir ki ,Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, bu məsələdə iki əsas amil var:
“Birincisi, Donald Trampın 79 yaşının olması və səhhəti ilə bağlı müxtəlif iddiaların gündəmdə qalmasıdır. Digəri isə indiyədək Ağ Ev rəhbərinə qarşı baş vermiş və ictimaiyyətə məlum olan iki sui-qəsd cəhdidir. Bu baxımdan Trampın qoyduğu göstəriş təsadüfi deyil. ABŞ Konstitusiyası və 1947-ci ildə qəbul edilmiş Prezidentlik Varisliyi haqqında Qanunla prezident vəzifəsini icra edə bilmədikdə onun yerini kimin tutacağını əvvəlcədən müəyyən edilir”.
Ekspert bildirib ki, bu məsələnin aktuallaşması daha çox təhlükəsizlik protokollarının yenidən xatırladılması ilə bağlıdır:
“Çünki mövcud təhlükəsizlik şəraiti təkcə Prezidentin özünü deyil, bütövlükdə ABŞ-ı təhdid edir. Ona görə də ölkə başçısının təhlükəsizlik və protokol tədbirləri xüsusi əhəmiyyət daşıyır”.
