Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyan, Ermənistan ilə Türkiyə arasındakı normallaşma prosesinə dair mühüm açıqlamalar verib. Nazir Mirzoyan bildirib ki, münasibətlərin inkişaf etdirilməsi üçün artıq dialoq mərhələsi geridə qalıb və konkret addımlar atılmalıdır.
Referans media xəbər verir ki, Mirzoyan Ermənistan Dövlət Televiziyasına verdiyi açıqlamada qeyd edib ki, Türkiyə ilə aparılan danışıqlar müsbət istiqamətdə irəliləyir, lakin proses artıq gözlə görünən nəticələr verməlidir. Nazir ilin sonuna qədər “əhəmiyyətli və simvolik” bir addımın atıla biləcəyinə işarə edib.
1991-ci ildən diplomatik əlaqəsi olmayan iki ölkə arasındakı quru sərhəd 1993-cü ildən bağlıdır. Mirzoyan bildirib ki, Ermənistan tərəfi Margara sərhəd keçid məntəqəsini texniki baxımdan tam hazır vəziyyətə gətirib, lakin Türkiyə hələ sərhədi üçüncü ölkə vətəndaşlarına açmaq barədə razılaşmanı tətbiq etməyib.
Regional əməkdaşlığa da toxunan Mirzoyan, Azərbaycanla birbaşa ticarət və neft tədarükü imkanlarının masada olduğunu, cəmiyyətin psixoloji maneələri aradan qalxdıqca bu ssenarilərin daha real hala gələcəyini vurğulayıb. O, Azərbaycan tərəfindən idxal olunan benzinin iqtisadi baxımdan faydalı olduğunu və ucuz yanacaq üçün stansiyalarda növbələrin yaranmasını qeyd edib.
Mirzoyan həmçinin ABŞ dəstəyi ilə hazırlanmış və regional inkişafı hədəfləyən “Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu” (TRIPP) infrastruktur layihəsinin praktik mərhələyə keçməyə hazır olduğunu açıqlayıb. Tikintinin 2026-cı ilin ikinci yarısında başlaması planlaşdırılır.






















