Aydın vilayətində heyvanlarını qorumaq üçün damda gözləyən Abdullah Öpöz güclü yağışların yaratdığı sel nəticəsində ilişib qaldı. Böyük Menderes çayının daşması ilə ərazi tamamilə su altında qalıb və o, təxminən bir həftə boyunca damda həyat mübarizəsi aparıb.
Referans Media xəbər verir ki, ərazidə vəziyyəti yoxlayan kənd nümayəndəsi Mustafa Turgan kənd sakinin damda köməksiz qaldığını görüb. O, dərhal AFAD və jandarma qruplarına məlumat verib.
Quru yolla əraziyə getmək mümkün olmadığı üçün xilasetmə əməliyyatı havadan həyata keçirilib. Aydın Jandarma Donanma Komandanlığına məxsus helikopterlə damdan götürülən Öpöz tibbi müayinə üçün xəstəxanaya aparılıb. Onun səhhətinin yaxşı olduğu bildirilib.
Ətrafı tamamilə su ilə əhatələnən Öpözün yardım çağırmaq imkanı olmadığı və təxminən bir həftə ərzində damda çətin şəraitdə yaşamaq məcburiyyətində qaldığı məlum olub.























