Manisanın Turgutlu rayonunda həyat yoldaşı 43 yaşlı Rukiye Yanarı tapança ilə öldürən 46 yaşlı Adem Yanar İrana qaçmaq istədiyi zaman Ağrıda saxlanılıb.
Referans Media xəbər verir ki, hadisə 20 dekabr şənbə gecəsi baş verib. Saruhanlı rayonunda yaşayan Adem Yanar ilə həyat yoldaşı arasında naməlum səbəbdən mübahisə yaranıb. İddiaya görə, avtomobillə hərəkət etdikləri vaxt mübahisə davam edib və Yanar Turgutlunun Ova ərazisində həyat yoldaşını tapança ilə vuraraq hadisə yerindən qaçıb.
Rukiye Yanardan xəbər ala bilməyən yaxınları 112 Təcili Yardım Mərkəzinə məlumat verib. Aparılan araşdırma zamanı Adem Yanarın İrana qaçmaq məqsədilə Ağrının Doğubəyazıt rayonuna getdiyi müəyyən edilib.
Ağrıda saxlanılan şübhəli ifadəsində cinayəti etiraf edib. Bundan sonra polis əməkdaşları Turgutlunun Ova ərazisində apardıqları axtarış zamanı Rukiye Yanarın meyitini aşkar ediblər. Prokurorluğun baxışından sonra mərhumun cənazəsi İzmir Məhkəmə-Tibbi Ekspertiza İdarəsinə göndərilib.
Şübhəlinin polis idarəsindəki istintaq tədbirləri davam edir.
