Türkiyədə “Terrorsuz Türkiyə” prosesi çərçivəsində hazırlanmış yeni qanun layihəsinin detalları ortaya çıxıb. Məlumata görə, prosesin idarə olunması üçün xüsusi koordinasiya mexanizmi yaradılacaq.
Referans Media xəbər verir ki, hazırlanan layihəyə əsasən, yaradılması planlaşdırılan mexanizm “Sosial İnteqrasiya Monitorinq və Koordinasiya Şurası” adı ilə fəaliyyət göstərəcək.
Qurumun əsas vəzifəsi PKK-nın silah buraxma prosesini izləmək, monitorinq aparmaq və mərhələləri qiymətləndirmək olacaq.
Bildirilir ki, proses obyektiv və ölçülə bilən kriteriyalar əsasında nəzarətdə saxlanılacaq.
Yeni yaradılacaq şurada aşağıdakı qurumların nümayəndələrinin yer alması planlaşdırılır:
MİT
Türkiyə Daxili İşlər Nazirliyi
Milli Müdafiə Nazirliyi
Ədliyyə Nazirliyi
Ailə və Sosial Xidmətlər Nazirliyi
Əmək və Sosial Təminat Nazirliyi
Səhiyyə Nazirliyi
Layihəyə görə, silahların tam şəkildə təhvil verildiyi təsdiqləndikdən sonra təşkilat üzvlərinin cəmiyyətə reinteqrasiyası ilə bağlı proqramlar da həmin qurum tərəfindən hazırlanacaq.
TBMM-yə hesabat təqdim ediləcək
Qurumun proseslə bağlı hazırlayacağı hesabatların mütəmadi olaraq TBMM-nə təqdim olunacağı bildirilir.
Dövlət qurumları koordinasiyalı fəaliyyət göstərəcək
Yeni mexanizmin əsas məqsədlərindən biri də müxtəlif dövlət qurumları arasında koordinasiyanı təmin etmək və qərarların vahid şəkildə icrasına nəzarət etmək olacaq.
