İyul ayından etibarən Böyük Britaniya və Fransa Ukrayna üzrə Çoxmillətli Qüvvələrin qərargahına rəhbərliyi öz üzərinə götürəcək.
Referans Media xəbər verir ki, bu barədə Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun iclasından sonra Böyük Britaniyanın müdafiə naziri Den Cervis məlumat verib.
Nazirin sözlərinə görə, qərargaha rəhbərlik general-mayor Tom Beytmen tərəfindən həyata keçiriləcək.
Bildirilib ki, onun rəhbərliyi altında Böyük Britaniya, Fransa, eləcə də müttəfiq və tərəfdaş ölkələr mümkün sülh sazişindən sonra Ukrayna Silahlı Qüvvələrinin uzunmüddətli yenidənqurması və inkişafı istiqamətində fəaliyyət göstərəcəklər.
“Bu müharibə heç vaxt yalnız bir xalqın taleyi ilə bağlı olmayıb. Ukraynalılar təkcə öz təhlükəsizlikləri üçün deyil, Avropanın təhlükəsizliyi naminə də mübarizə aparırlar. Onlar həmçinin öz dəyərlərini və Avropanın dəyərlərini qoruyurlar. Biz bu gün də, sabah da və lazım olduğu qədər onları dəstəkləyəcəyik”, – deyə Den Cərvis vurğulayıb.
Tom Beytmen kimdir?
General-mayor Tom Beytmen Böyük Britaniya Ordusunun yüksək rütbəli zabitlərindən biridir. O, müxtəlif dövrlərdə əməliyyat planlaşdırılması, beynəlxalq hərbi əməkdaşlıq və strateji idarəetmə sahələrində mühüm vəzifələrdə çalışıb.
Beytmen NATO strukturları ilə əməkdaşlıq təcrübəsinə malikdir və son illərdə Britaniya Silahlı Qüvvələrinin beynəlxalq missiyalarının koordinasiyasında iştirak edib. Onun Ukrayna üzrə Çoxmillətli Qüvvələrin qərargahına rəhbər təyin olunması Kiyevin müdafiə potensialının uzunmüddətli gücləndirilməsi istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirilir.bizim.media
