Universitetə sənəd verməzdən əvvəl bu 4 sahəni DƏRHAL SİLİN: Azərbaycanda ən çox pul qazandıracaq o ixtisas bəlli oldu!

Məktəbi başa vuran minlərlə gənc üçün indi ən vacib mərhələlərdən biri başlayır. Qəbul imtahanları və ixtisas seçimi ərəfəsində veriləcək qərarlar onların gələcək karyera yolunu müəyyənləşdirəcək. Bəs süni intellektin və rəqəmsallaşmanın sürətlə dəyişdirdiyi əmək bazarında hansı peşələr yüksəlişdədir, hansıları isə risk altındadır? Gənclər ixtisas seçərkən yüksək maaşı, əmək bazarındakı tələbatı, yoxsa şəxsi maraq və bacarıqlarını əsas götürməlidirlər?

Referans Media-ya açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, ixtisas seçimi həyatın ən vacib və həlledici mərhələlərindən biridir.

“Nəzərinizə çatdırım ki, ixtisaslaşma dövrü demək olar ki, ən həlledici və vacib bir dövrdür və burada həyatın növbəti mərhələsi üçün qərar verilir. Bu da sıradan bir yanaşma deyil. Ona görə də ilk növbədə, təbii ki, bu qərar alınmamışdan öncə abituriyentlər ya əmək bazarını araşdırmalı, yaxud da mütəxəssislərlə danışmalıdırlar.

Əhəmiyyət kəsb edir ki, həmin mütəxəssislər 15-20 illərini təhsil sahəsinə həsr etmiş şəxslər olsunlar və onlar konkret olaraq hansı ixtisasların mövcud əmək bazarına uyğunluğu və ya gələcəkdə daha çox vacib olacağı barədə şagirdlərə tövsiyələr verə bilsinlər”, – deyə ekspert bildirib.

Elçin Əfəndinin sözlərinə görə, şəxsi maraq və bacarıqlar müəyyən qədər təsir göstərsə də, əsas amil əmək bazarının tələbatıdır.

“Təbii ki, burada şəxsi maraq və bacarıqlar müəyyən qədər təsir göstərir, amma vacib olan əmək bazarının tələbatıdır. Ola bilər ki, şəxsin hansısa istiqamətdə marağı var, amma əmək bazarında həmin istiqamətlə bağlı fəaliyyət göstərmək və karyera qurmaq çətin olsun. Ona görə də yaxşı olar ki, burada əmək bazarı ilk növbədə ön sırada dayansın”, – deyə o vurğulayıb.

Ekspert qeyd edib ki, süni intellekt və rəqəmsal texnologiyaların inkişafı yaxın 5-10 il ərzində bir sıra ixtisas istiqamətlərini sıradan çıxara bilər.

“Süni zəkanın inkişafı və rəqəmsal texnologiyaların inkişafı yaxın 5-10 il ərzində müxtəlif ixtisas istiqamətlərini sıradan çıxaracaq. Daha çox perspektiv vəd edən ixtisaslar ilk növbədə kənd təsərrüfatı yönümlü sahələrdir. Çünki kənd təsərrüfatı istiqamətində dünyanın əksər ölkələrində kadr çatışmazlığı var. Eyni zamanda bizim ölkəmizdə də bu istiqamətdə kadrlara ehtiyac duyulur. Çünki texnologiya kənd təsərrüfatı sahəsində müəyyən istiqamətləri tam əvəz edə bilmir”, – deyə E.Əfəndi bildirib.

Onun sözlərinə görə, abituriyentlər kənd təsərrüfatı ixtisaslarına üstünlük verməklə daha erkən əmək fəaliyyətinə başlaya bilərlər.

Ekspert ikinci növbədə texnologiya istiqamətlərinə üstünlük verilməsinin vacibliyini vurğulayıb:

“Burada data analitikası, informasiya təhlükəsizliyi, informasiya texnologiyaları, kompüter mühəndisliyi, kompüter elmləri kimi ixtisaslar ön plana çıxır. Bundan başqa iqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi, eləcə də pedaqoji ixtisaslara üstünlük vermək lazımdır. Bu sahələr hazırda risk altında deyil və gələcəkdə də əmək bazarında iş imkanları mövcuddur”.

Elçin Əfəndi bəzi peşələrin isə süni intellektin təsiri altında risklə üzləşə biləcəyini qeyd edib.

“Artıq bəzi operator funksiyalarını süni zəka vasitəsilə əvəz etmək mümkündür. Dizayn sahəsində də süni zəka artıq istifadə olunur və bəzi işləri idarə edə bilir. Bir çox sahələr var ki, burada süni zəka və mövcud rəqəmsal texnologiyalar həmin peşələri müəyyən dərəcədə sıradan çıxara bilər. Buna görə də abituriyentlər ixtisas seçərkən mütləq bu amilləri nəzərə almalıdırlar”, – deyə ekspert əlavə edib.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki