Sumqayıtda 13-cü mikrorayonda yerləşən Babək küçəsində aparılan tikinti işləri və ağacların kəsilməsi ilə bağlı iddialar yerli sakinlər və ictimaiyyət arasında ciddi narazılıq doğurub.
Referans Media xəbər verir ki, qeyd olunan ünvanda həyata keçirilən tikinti prosesinin heç bir hüquqi stend və ya məlumat lövhəsi olmadan icra olunması diqqət çəkir. Sakinlər ərazidəki yaşıllıqların məhv edildiyini, ağacların kəsildiyini iddia edərək həyəcan təbili çalır və vəziyyətdən narahatlıqlarını ifadə edirlər. Onların sözlərinə görə, şəhərin sıx məskunlaşmış yaşayış massivində bu cür qapalı və məlumatsız şəkildə aparılan işlər ekoloji tarazlığa ciddi zərbə vurur.
Məsələ ilə əlaqədar olaraq Sumqayıt şəhər İcra Hakimiyyətindən bildirilib ki, qeyd olunan ünvanda obyekt əvvəllər də olub. Qurumdan qeyd olunub ki, hazırda mövcud obyekt sökülərək yerində yenisinin inşası həyata keçirilir və tikinti işlərinin aparılması ilə bağlı bütün müvafiq sənədlər mövcuddur./NOCOMMENT.az/

