Hökumət minimum maaşı artırır, bəs inflyasiya?

Azərbaycanda minimum əməkhaqqı 2027-ci ilin yanvarından artırıla bilər. Bunu Modern.az-a müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.

Deputatın sözlərinə görə, artımın məbləği müəyyənləşdirilərkən inflyasiya göstəriciləri ilə yanaşı, gələn il üzrə qiymət artımının proqnoz da nəzərə alınacaq. A.Hüseynov qeyd edib ki, minimum əməkhaqqının artırılması digər əməkhaqlarına da təsir göstərir.

Xatırladaq ki, Azərbaycanda minimum aylıq əməkhaqqı 2025-ci il yanvarın 1-dən etibarən 400 manat müəyyən edilib.

Bəs inflyasiya da nəzərə alınırmı? Minimum maaşın artması hələ sosial rifahın yaxşılaşması demək deyil. İlk növbədə qiymət artımının, inflyasiyanın qarşısı alınmalıdır ki, artımın müsbət təsiri olsun.

Hökumətin ön hazırlığı varmı? Hansı tədbirlər görülməlidir?

Eyyub Kərimli: “Azərbaycanın enerji ixracatçısı kimi rolu daha da artacaq”

İqtisadçı Eyyub Kərimli Musavat.com-a bildirib ki, minimum əməkhaqqı artımı çalışan əhalinin müəyyən hissəsini əhatə edib və artım kifayət qədər yüksəkdir: “İnflyasiya o zaman üçün nəzərdə alınmışdı. Növbəti ildə də yəqin ki, minimum əməkhaqqında artım nəzərdə tutulur və bu müəyyən aşağı səviyyəli gəlirləri olan əhali qrupunun büdcəsinə müsbət təsir edir. Digər tərəfdən bu, həm də inflyasiyanı tətikləyir. Növbəti ildə inflyasiya 5-6% nəzərdə tutulub, əgər artım bundan yüksək olsa, bu inflyasiyanın təsirlərini az gəlirli əhali üçün kompensasiya edə bilər”.

İqtisadçının dediyinə görə, əməkhaqqı artımının inflyasiya təsirini azaltmaq üçün ilk növbədə səbəblər, amillər tənzimlənməlidir: “Burada bir neçə ciddi amil var: rəqabət mühitinin daha da şəffaflaşdırılması; təchizat zəncirinin şaxələndirilməsi; idxal zəncirinin şaxələndirilməsi; bəzi inhisarçı mövqedə olan böyük şirkətlərin bazar payları nəzarətə götürülməsi. Həmçinin daxili istehsal yüksəlməlidir. Bundan sonra maaş artımı inflyasiyanın təsirlərini dəf edə bilər”.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki