Yumaqla təmizlənməyən təhlükə: Meyvə-tərəvəz alarkən bu səhvi etməyin

Meyvə və tərəvəzlərdə pestisid qalıqları, nitratlar və digər kimyəvi maddələrin normadan artıq olması istehlakçıların narahatlıq doğuran mövzularından biridir. Mütəxəssislər bildirirlər ki, bu maddələrin sağlamlığa təsiri onların növündən, miqdarından və orqanizmə təsir müddətindən asılıdır. Eyni zamanda, məhsul seçərkən diqqət ediləcək məqamlar və ev şəraitində görülən tədbirlər müəyyən risklərin azalmasına kömək edə bilər.

Referans Media-ya açıqlamasında qida mütəxəssisi Fərid Səfərov bildirib ki, meyvə və tərəvəzlərin tərkibində pestisid qalıqlarının, nitratların və digər kimyəvi maddələrin normadan artıq olması insan sağlamlığı üçün müəyyən risklər yarada bilər.

Onun sözlərinə görə, pestisidlərin uzun müddət və yüksək miqdarda təsirinə məruz qalmaq sinir sistemi, qaraciyər və böyrəklərin fəaliyyətinə mənfi təsir göstərə bilər. Nitratların normadan artıq qəbulu isə orqanizmdə oksigen daşınmasının pozulmasına səbəb ola bilər. Bu risklər xüsusilə körpələr, uşaqlar və həssas insanlar üçün daha əhəmiyyətlidir. Bununla belə, risk maddənin növündən, miqdarından və təsir müddətindən asılıdır.

Qida mütəxəssisi qeyd edib ki, istehlakçılar meyvə-tərəvəz alarkən ilk növbədə etibarlı satış məntəqələrinə üstünlük verməli, məhsulların təzəliyinə, saxlanma şəraitinə və mənşəyinə diqqət yetirməlidirlər. Çürümüş, kiflənmiş, zədələnmiş və qeyri-adi qoxusu olan məhsullardan uzaq durmaq lazımdır.

Fərid Səfərov vurğulayıb ki, vacib məqam ondan ibarətdir ki, pestisid və nitratların normadan artıq olması məhsulun xarici görünüşündən, rəngindən və dadından həmişə müəyyən edilə bilmir. Bunun dəqiq qiymətləndirilməsi yalnız laborator müayinələr vasitəsilə mümkündür.

Mütəxəssisin sözlərinə görə, meyvə və tərəvəzləri axar su altında yaxşı yumaq səthdəki çirk və bəzi pestisid qalıqlarının azalmasına kömək edir. Qalın qabıqlı məhsulların qabığını soymaq və xarici yarpaqları çıxarmaq da müəyyən hallarda faydalıdır.

Bununla belə, o qeyd edib ki, bu üsullar bütün kimyəvi maddələri aradan qaldırmır. Xüsusilə məhsulun daxilinə keçmiş nitratları və sistemik pestisidləri yalnız yumaqla tam təmizləmək mümkün deyil. Meyvə-tərəvəzləri yumaq üçün sabun, yuyucu vasitələr və dezinfeksiyaedici kimyəvi maddələrdən istifadə etmək olmaz.

Fərid Səfərov sonda bildirib ki, təhlükəsiz qidalanma üçün məhsulları etibarlı mənbələrdən almaq, düzgün yumaq, müxtəlif meyvə-tərəvəzlərdən istifadə etmək və qidalanmada müxtəlifliyi qorumaq vacibdir. Məhsulun kimyəvi təhlükəsizliyinə şübhə yarandıqda isə ən etibarlı üsul laborator yoxlamadır.

Gülnaz Abdullazadə

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki