Uşaqlar arasında yeni virus yayılır – Pediatrdan xəbərdarlıq

  Hazırda Azərbaycanda uşaqlar arasında “kokasaki” adlanan virus geniş yayılıb. Xüsusilə azyaşlı uşaqların bu virusa sürətlə yoluxması müşahidə edilir. 

Bəs bu xəstəliyə yoluxmamaq üçün valideynlər nələrə diqqət etməlidir?

Referans xəbər verir li, mövzu ilə bağlı Sfera.az-a açıqlama verən pediatr-neonatoloq Aidə Əliyeva virusun yayılma səbəblərini açıqlayıb:

“Bu xəstəlik hava-damcı və təmas yolu ilə keçir. İnsanların dəniz, hovuz və kütləvi istirahət yerlərində bir arada olması yoluxma riskini artırır. Ən xarakterik əlaməti isə ağız içində, ağız ətrafında, ovuc içində və ayaq altında yaranan səpkilərdir. Əvvəlcə qırmızı ləkə kimi başlayan səpkilər sonradan suluq əmələ gətirir və xora şəklində qala bilir. Səpkilər çox qaşındığı üçün gigiyenaya əməl olunmadıqda irinləmə də yarana bilər. Adətən 7-10 gün ərzində iz qoymadan keçir”.

Həkim əlavə edib ki, virusun xüsusi peyvəndi yoxdur: 

“Qarşısını almaq üçün uşaqları xəstə insanlarla təmasdan qorumaq, əlləri tez-tez yumaq, sağlam qidalanmaya, yuxu və hərəkət rejiminə diqqət etmək vacibdir. Sanitar-gigiyenik tədbirlərə əməl olunmadıqda yoluxma halları artır”.

Pediatr bildirib ki, xəstəlik təkcə uşaqlara yoluxmaqla məhdudlaşmır:

“Bu xəstəliyin bir sıra risk qurupları var. Ən əsas risk qurupuna uşaqlar daxildir. Məktəbəqədər uşaqlar, yeni doğulmuş körpələr daha tez yoluxur. Virus bağçalarda və məktəblərdə daha sürətlə yayılır. Uşaqlarla yanaşı, yaşlı insanlar da  bu xəstəliyə tez yoluxur, çünki yaşlı insanların immuniteti zəif olduğu üçün xəstəliyə tez yoluxurlar və risk qurupuna daxidirlər. Son olaraq hansı insanların ki,  xroniki xəstəlikləri varsa, onlar da bu xəstəliyə meyilli olurlar”.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki