Türkiyədə son günlər uşaqlar və yeniyetmələrin iştirakı ilə baş verən zorakı hadisələrdən sonra hökumət internet təhlükəsizliyi ilə bağlı yeni addım atmağa hazırlaşır. Rəsmi dairələr və ekspertlər arasında müzakirə olunan əsas təşəbbüslərdən biri uyğunsuz məzmunu bloklayan xüsusi uşaq SIM kartlarının tətbiqidir.
Məlumata görə, sözügedən sistem uşaqların internetə çıxışını daha ciddi şəkildə nəzarət altında saxlamağı və zorakılığı təbliğ edən məzmunların qarşısını almağı hədəfləyir. Planlaşdırılan tədbirlər təkcə SIM kartlarla məhdudlaşmır. Bildirilir ki, VPN xidmətlərinin bloklanması və 18 yaşdan aşağı şəxslərin internetə çıxışının məhdudlaşdırılması da gündəmdədir. Hakimiyyət orqanları bu qərarları bir neçə məktəbdə baş vermiş hücumlardan sonra daha da aktuallaşdırıb. İstintaq zamanı bəzi yeniyetmələrin zorakılıq məzmunlu oyunlar oynadığı və internet üzərindən digər ölkələrdən olan istifadəçilərlə əlaqə saxladığı müəyyən edilib. Hətta bəzi hallarda məktəb hücumlarına dair söhbətlərin aparıldığı da iddia olunur. Məsələ ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub və uşaqların rəqəmsal təhlükəsizliyi ilə bağlı daha sərt nəzarət mexanizmlərinin tətbiqi ehtimalı artır.
Bəs xüsusi uşaq SİM kartlarının Azərbaycanda da tətbiqi mümkündürmü? Effektli olacaqmı?
Referans Media xəbər verir ki, İT mütəxəssisi Fərhad Mirəliyev Musavat.com-a bildirib ki, texniki prosedurlar və qoruyucu alətlər ikinci dərəcəlidir, ən əsas məsələ isə valideynlərin üzərinə düşür:
“Eyni zamanda, məktəbdə müəllimlərin və psixoloqların da üzərinə böyük məsuliyyət düşür. Təəssüf ki, valideynlər uşaqlarının rəqəmsal məzmuna çıxışına hər zaman nəzarət edə bilmirlər.Onlar çox vaxt uşaqlara planşet, telefon və ya kompüter verirlər, amma bu cihazların istifadəsi tam təhlükəsiz mühitdə olmur. Sadəcə, deyirlər ki, get, dərs oxu və ya oyun oyna! Amma uşağın həmin vaxt nə etdiyinə, hansı saytlara girdiyinə çox vaxt nəzarət olunmur .Ona görə də əsas vəzifə valideynlərin üzərinə düşür”.
Onun sözlərinə görə, məktəblərdə də bu iş aktiv aparılmalıdır: “Psixoloqlar daim fəaliyyət göstərməli, uşaqlarla söhbətlər aparmalıdır, onların probleminin olub-olmadığı öyrənilməlidir. Bəzi uşaqlarda ailədaxili zorakılıq və ya konfliktlər ola bilər ki, bu da onların psixologiyasına təsir edir, ciddi problemlərə gətirib çıxara bilir. Bütün bunlara görə valideyn, məktəb və cəmiyyət birlikdə işləməlidir ki, uşaqlar sağlam psixologiya ilə böyüsün”.























