Böyük Britaniyada aparılan yeni araşdırma göstərib ki, uşaqlara fiziki cəza tətbiq edilməsi onların gələcəkdə həm təhsil göstəricilərinə, həm də davranışlarına mənfi təsir göstərir.
London Universitet Kolleci (UCL) tərəfindən həyata keçirilən və təxminən 19 min uşağın məlumatlarının təhlil olunduğu araşdırmaya görə, fiziki cəzaya məruz qalan uşaqların məktəbdə uğursuz olma ehtimalı daha yüksəkdir. Həmçinin onların yeniyetmə yaşlarında aqressiv davranışlar nümayiş etdirmə riski artır.
Tədqiqat nəticələrinə əsasən, fiziki cəza alan uşaqların orta məktəb imtahanlarında zəif nəticə göstərmə ehtimalı daha çoxdur. Eyni zamanda, onların yaşıdlarına qarşı vurmaq, itələmək və digər zorakı davranışlar sərgiləmə ehtimalı 35 faiz yüksək olub.
Araşdırma müəllifləri fiziki cəzanın uşaqlara heç bir fayda vermədiyini, əksinə, təhsil nailiyyətlərini azaltdığını və antisosial davranışları artırdığını bildiriblər.
Mövzu Böyük Britaniyada fiziki cəzanın tam qadağan olunması ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
