backend

“Vaşinqton razılaşmasında Tehranın həyati maraqları nəzərə alınıb”

Vaşinqtonda əldə olunmuş razılaşmalar çərçivəsində İranın həyati maraqları nəzərə alınıb və bu proses boyunca Tehranla davamlı dialoq aparılıb.

Referans Media  xəbər verir ki, bu barədə Ermənistanın İrandakı səfiri Qriqor Akopyan İranın Tasnim agentliyinə müsahibəsində bildirib.

Səfirin sözlərinə görə, Ermənistan–İran münasibətləri uzun illərdir qarşılıqlı etimad və mehriban qonşuluq prinsiplərinə əsaslanır və rəsmi İrəvan bu münasibətləri strateji xətt kimi qiymətləndirir. Onun bildirdiyinə görə, Ermənistan rəhbərliyi regionda baş verən proseslər barədə İran tərəfini mütəmadi məlumatlandırır və xüsusilə təhlükəsizliklə bağlı həssas məqamlar diqqətdə saxlanılır.

Akopyan Azərbaycan-Ermənistabn sülh prosesi barədə də danışaraq qeyd edib ki, 2025-ci ilin avqustunda Vaşinqtonda paraflanan sülh sənədi tərəflərin bir-birinin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərin toxunulmazlığını tanımasını nəzərdə tutur. Onun sözlərinə görə, həmin razılaşma ilə tərəflər gələcəkdə qarşılıqlı ərazi iddialarından imtina ediblər və ATƏT-in Minsk prosesi strukturlarının ləğvi ilə bağlı birgə müraciət edilib.

Səfir regionda kommunikasiya xətlərinin açılması məsələsinə toxunaraq iddia edib ki, Vaşinqtonda imzalanmış üçtərəfli sənəddə Ermənistan ərazisindən keçən yol “dəhliz” kimi deyil, “TRIPP marşrutu” kimi təsbit olunub. Onun vurğuladığına görə, bu marşrut Ermənistanın tam suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası çərçivəsində fəaliyyət göstərəcək və hər hansı eksteryitorial mexanizm nəzərdə tutulmur. Akopyan xüsusilə qeyd edib ki, bu yanaşma həm Ermənistanın, həm də İranın əsas maraqlarına uyğundur.

Erməni diplomatın sözlərinə görə, kommunikasiyaların açılması nəticəsində Ermənistan İranla dəmir yolu əlaqəsi əldə edə, İran isə Cənubi Qafqaz və Qara dəniz istiqamətində yeni tranzit imkanları qazana bilər. Eyni zamanda, TRIPP layihəsinə üçüncü tərəflərin cəlb olunması yalnız İrəvan və Vaşinqtonun razılığı ilə mümkündür.

Akopyan müsahibəsində Ermənistan–Türkiyə münasibətlərinin normallaşdırılması prosesinə də toxunaraq bildirib ki, tərəflər arasında təmaslar intensivləşib, sərhəd və dəmir yolu infrastrukturu ilə bağlı texniki müzakirələr aparılır. Onun fikrincə, kommunikasiya layihələrinin reallaşması regionda yeni iqtisadi və siyasi reallıqlar formalaşdıra bilər./musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki