ABŞ Prezidenti Donald Trampa yaxınlığı ilə tanınan jurnalist Taker Karlson, İsrailli hərbi zabitlərin ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasında sərbəst hərəkət etdiyini və gizli məlumatlara çıxış əldə etdiyini iddia edib.
Referans Media xəbər verir ki, bu iddia Vaşinqtonda böyük müzakirələrə səbəb olub.
Taker Karlson açıqlamasında bildirib ki, İsrailli zabitlər Pentaqonda sərbəst gəzir, ofislərə daxil olurlar və gizli sənədlərə çıxış əldə edirlər. O, bu vəziyyəti “Pentaqon işğal edilmiş vəziyyətdədir” sözləri ilə ifadə edib.
Pentagon isə Taker Karlsonun iddialarına rəsmi münasibət bildirməyib.
Bu iddialar ABŞ-İsrail hərbi əməkdaşlığının yenidən müzakirə mövzusuna çevrilməsinə səbəb olub. Vaşinqton ilə Tel-Əviv uzun illərdir müdafiə, kəşfiyyat və hərbi texnologiya sahəsində sıx əməkdaşlıq aparır. Lakin bəzi dairələr ABŞ institutlarında xarici ölkələrin təsirinin artacağını iddia edirlər.
Mütəxəssislər bildirirlər ki, bu iddialar təsdiqlənərsə, ABŞ-ın milli təhlükəsizliyi baxımından ciddi nəticələr doğura bilər. İddia, ABŞ-İsrail və İran arasındakı münaqişənin üçüncü həftəsinə təsadüf edir və bölgədəki gərginliyi, həmçinin qlobal təhlükəsizlik müzakirələrini yenidən gündəmə gətirib.
