Vaşinqtonun Bakı ilə bağlı əsas hədəfi – Tramp Əliyevlə şəxsi kontakta keçdibackend

Vaşinqtonun Bakı ilə bağlı əsas hədəfi – Tramp Əliyevlə şəxsi kontakta keçdi

  ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda onun haqqında söylədiyi fikirləri şəxsi sosial şəbəkə hesabında paylaşması ictimai və siyasi dairələrdə maraqla qarşılandı. Bu addım iki ölkə arasındakı münasibətlərin inkişafına dair yeni bir mərhələnin başladığını və Azərbaycan Prezidentinin beynəlxalq aləmdəki nüfuzunun daha da artdığını göstərir. Trampın paylaşımı, həmçinin Azərbaycan mediasının qlobal səviyyədə izlənildiyini və təhlil edildiyini göstərən mühüm bir siqnal olaraq qiymətləndirilir.

Referans bildirir ki, Globalinfo.az-a danışan “APA-Holding” MMC-nin prezidenti, Əməkdar jurnalist Vüsalə Mahirqızı bildirib ki, Trampın Əliyevin çıxışından sitat paylaşması ilk növbədə Azərbaycan liderinin şəxsi nüfuzu ilə bağlıdır:

“Prezidentin dünyadakı proseslərə uzaqgörən baxışı və proseslərdən xeyli əvvəl səsləndirdiyi fikirlərin reallığa çevrilməsi Azərbaycanı dünya liderlərinin diqqət mərkəzinə gətirir. Bu sitatın Azərbaycanda keçirilən beynəlxalq media forumdan, eyni zamanda ingilisdilli “AnewZ” kanalına istinadən yayılması da diqqət çəkilməli məsələdir. Əvvəlki illərdə bu cür sitatlar transmilli media qurumlarına istinadən yayılırdı. İndi isə Azərbaycan mediasına istinad olunur. Əlbəttə, bu bizim mediamızın qlobal müstəviyə çıxmağı bacarmağının nəticəsidir.

Yeri gəlmişkən, Prezident Şuşa Qlobal Media Forumundakı çıxışında mediamızın fəaliyyətinə yüksək qiymət verməklə yanaşı, mediamızın qlobal müstəviyə çıxmasından məmnunluğunu da ifadə etdi. Cənab Prezident bildirdi ki, Azərbaycan mediasının təhlil və məqalələri müxtəlif ölkələrdə izlənilir, təhlil olunur, hətta bu yazılarla bağlı fərziyyələr irəli sürülür. Son 5 ildə mediamızın inkişafında tamamilə yeni mərhələ başlayıb. Biz hazırda 5 il əvvəldən tətbiq edilən konseptual baxışın müsbət nəticələrini görürük”.

Politoloq Fərhad Məmmədov isə deyib ki, hazırkı dövrdə bir çox ölkə rəhbərləri Trampı tərifləyir, ona minnətdarlıqlarını bildirir və onunla şəxsi münasibətlər qurmaq istəyirlər:

“Lakin Azərbaycan Prezidenti, hələ Tramp rəhbər olmamışdan əvvəl, keçən il onun haqqında müsbət fikirlərini ifadə edib. Bu, İlham Əliyevin uzaqgörənliyini göstərən bir nümunədir. Dövlət başçısı ABŞ-ın uğuru üçün Trampın hakimiyyətə gəlməsinin vacib olduğunu düşünürdü. Bu da Tramp tərəfindən qiymətləndirilib və özünə məxsus sosial şəbəkə hesabında Azərbaycan Prezidentinin fikirlərinə yer verib. Azərbaycan Trampın seçilməsindən sonra, yəni keçən ilin noyabr ayından etibarən hər hansı bir təşəbbüs irəli sürməyib. Gözləyirdi ki, ABŞ-Azərbaycan münasibətlərində əməllərlə dönüş yaranacaq bir fürsət ortaya çıxsın. Bu dövr ərzində baş verən proseslər göstərdi ki, Azərbaycanın xarici siyasətinin prioritetləri, həmçinin baxışı ABŞ-ın xarici siyasət prioritetləri ilə ziddiyyət təşkil etmir”.

Politoloq qeyd edib ki, Tramp administrasiyası Yaxın Şərqdə, xüsusilə Suriya ətrafında gedən proseslər ciddi maraqlandırır. Həmçinin bu maraq dairəsinə ümumi regional kontekstdə ABŞ-ın iki müttəfiqi olan Türkiyə və İsrail arasındakı əlaqələr daxildir:

“Bu kontekstdə, Azərbaycan həm Türkiyənin, həm də İsrailin strateji müttəfiqi olaraq xüsusi bir yer tutur. Azərbaycan ABŞ-ın hər iki müttəfiqi arasında ziddiyyətlər olduğu bir şəraitdə danışıqlar aparmaq üçün yeganə ölkədir. Eyni zamanda, Suriya ilə bağlı məsələlər və onun gələcəyi haqqında Vaşinqtonla Bakı həmfikirdir. Azərbaycan Suriya hökuməti ilə İsrail nümayəndələrinin danışıqlar aparması üçün bir məkan funksiyasını yerinə yetirir. Beləliklə, bir neçə istiqamətdə Tramp ilə Əliyev administrasiyası arasında fikir birliyi mövcuddur. Demək olar ki, bu şəxsi kontakt sosial şəbəkələr vasitəsilə quruldu. Bu, ABŞ-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni bir mərhələyə keçməsinə siqnaldır, işartıdır və yaxın gələcəkdə, böyük ehtimalla, bu münasibətlərin inkişafının şahidi olacağıq”.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki