Prezident İlham Əliyevin iyunun 12-də imzaladığı sosial müavinətlərin artırılması haqqında yeni Fərmanla müxtəlif kateqoriyalara aid müavinət və təqaüdlərin məbləği artırılıb. Artımlar ümumilikdə 3 milyon vətəndaşı əhatə edib. Müavinətlər 2025-ci il iyulun 1-dən artırılacaq.
Referans FED.az-a istinadən xəbər verir ki, bununla yanaşı, fərmanda müharibə veteranlarının təqaüdünün artırılması nəzərdə tutulmur. Xatırladaq ki, hazırda «veteran pulu» adlanan bu təqaüdün məbləği 80 manat təşkil edir.
Fərmanın imzalanmasından sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev müharibə veteranlarına verilən təqaüddən danışıb.
O, jurnalistlərə açıqlamasında bildirib ki, dövlət sosial təminat tədbirlərini əsasən əmək qabiliyyəti məhdud olan şəxslərə tətbiq edir: «Bunlar əlilliyi olan şəxslər, pensiya yaşına çatmış şəxslər, aztəminatlı ailələr, çoxuşaqlı analar, hərbi qulluqçuların övladlarıdır. Yanaşma sosial ədalət prinsipinə əsaslanır».
Veteranlar isə əmək qabiliyyətli insanlardır, nazirlik onların daha dayanıqlı təminatı üçün çalışır: «Müharibə veteranlarına aylıq təqaüd verilir. Bu aylıq təqaüd kommunal, nəqliyyat və digər gündəlik xidmətlərə istinad olunub. Veteranlar əməkqabiliyyətli insanlardır. Biz veteranların rifahının uzunmüddətli dayanıqlı şəkildə dəstəklənməsini daha çox təşviq edirik. Onların məşğulluq imkanlarının yaradılması, kiçik biznesə çıxış imkanları yaradılır. Bunlarla bağlı da mühüm addımlar atılır. Təqaüd verilməsi ilə yanaşı, özünüməşğulluq proqramlarına növbədənkənar cəlb olunmasına ailə təsərrüfatlarının qurulması ilə daha çox veteranlarımıza dəstək olmağa çalışırıq”.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev «Modern.az» saytına bildirib ki, ölkə büdcəsinin 44 faizi sosialyönümlü xərclərə ayrılır.
“Cənab Prezident müavinətlərin artırılması ilə bağlı ötən ilin axırında hökumətə tapşırıq vermişdi ki, həm şəhid ailələrinin, həm də veteranların sosial müavinətləri, pensiyaları daim artırılsın”.
Deputat deyir ki, veteranlara verilən 80 manat müavinət deyil, təqaüddür: “Kommunal xidmətlərə görə veteranlara yardım məqsədilə verilən təqüddür. Cəmiyyətdə hər zaman belə bir fikir səsləndirilir ki, müavinətlər artırılır, veteranlara verilən 80 manat niyə artırılmır?”.
E.Musayev vurğulayıb ki, təqaüdün artırılması Milli Məclisin səlahiyyətinə aid olan məsələ deyil:
“Ölkənin siyasi rəhbərliyi nə vaxt məsləhət bilsə, təqaüdlər az, ya da çox artırılır. Ölkənin iqtisadi potensialına uyğun olaraq bu addımlar atılır”.