Qeyri-kommersiya təşkilatı olan GMAC tərəfindən aparılan qlobal araşdırmaya görə, süni intellekt tədricən ilkin səviyyəli vəzifələrdə heyəti sıxışdırıb çıxarır.
Referans Media xəbər verir ki, 39 ölkədən 621 rekruterin iştirak etdiyi sorğuda respondentlərin yarıdan çoxu "Fortune 100" və "Fortune 500" siyahısındakı şirkətləri təmsil edir.
Nəticələr göstərib ki, dünya üzrə orta hesabla işəgötürənlərin təxminən 30%-i artıq belə vəzifələri alqoritmlər və avtomatlaşdırılmış sistemlərlə əvəz edir.
Bu tendensiya ən çox texnoloji sektorda özünü göstərir, burada əvəz edilmiş vəzifələrin payı 40%-ə çatır. Sənaye və istehsal sahələrində də yüksək göstəricilər qeydə alınıb. Eyni zamanda, GMAC-ın baş vitse-prezidenti Sabrina Uayt Z nəslini panikaya düşməməyə çağırır: onun sözlərinə görə, bu rəqəmlər vakansiyaların tamamilə yoxa çıxmasından deyil, yalnız süni intellektlə işləmək bacarıqlarına artan tələbatdan xəbər verir.
Uayt izah edib ki, işəgötürənlər süni intellektdən proqramlaşdırma, analitika və müştəri xidməti kimi rutin işlərdə fəal istifadə edirlər, lakin bununla yanaşı, qeyri-standart qərarlar qəbul edə bilən və dəyişiklikləri idarə edən mütəxəssislər axtarışını davam etdirirlər. O qeyd edib ki, keçmişdə texnoloji inqilablar peşələri məhv etməkdənsə, onları transformasiya edib və hazırkı mərhələ də istisna olmayacaq.
"Fortune" jurnalı həmçinin diqqəti ona çəkir ki, MBA dərəcəsi üstünlük olaraq qalır, lakin işə düzəlmək üçün zəmanət olmaqdan çıxır. 2025-ci ildə şirkətlərin yalnız 13%-i biznes-məktəb məzunlarını əvvəlki illə müqayisədə daha çox işə götürüb, bir sıra ixtisaslar üzrə işə qəbul isə işəgötürənlərin özlərinin gözləntilərindən aşağı olub.
Bununla belə, insan keyfiyyətləri - ünsiyyətcillik, problemləri həll etmək və adaptasiya olmaq bacarığı işəgötürənlər üçün hələ də prioritet olaraq qalır. Lakin yaxın 5 ildə texnoloji savadlılığın əhəmiyyəti kəskin şəkildə artacaq. Uaytın deyib ki, gələcək süni intellekt alətlərini bilməyi dialoq qurmaq, kollektivi arxasınca aparmaq və ölçülüb-biçilmiş qərarlar qəbul etmək bacarığı ilə birləşdirən kəslərindir./Publika.az
