Azərbaycanda nikah öncəsi cütlüklərdən müəyyən tibbi müayinələr və analizlər tələb olunur. Bu testlər ailə qurmaq istəyənlərin sağlamlığının qorunması və gələcəkdə övladların sağlam böyüməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Lakin bu müayinələrin sırasında genetik riskləri və yaxın qohumluq əlaqəsini üzə çıxara biləcək genetik test məcburi deyil, yalnız könüllü şəkildə aparıla bilər. Halbuki, bu, gələcəkdə ciddi xəstəliklərin və uyğunluq problemlərinin qarşısının alınması üçün mühüm addım ola bilər.
Görəsən, Azərbaycanda nikah öncəsi genetik testin məcburi tətbiqi mümkün və məqsədəuyğun ola bilərmi?
Referans.az xəbər verir ki,mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı, Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli bildirib ki, nikah üzrə müayinələrin xüsusən dövlət tərəfindən qeydiyyata alınması çox az dövlətlərdə praktikada tətbiq olunan metoddur.
Onun sözlərinə görə, bu, əslində, dövlətin öz əhalisinin sağlamlığına diqqətidir:
“Nikah prosesinin gələcək ailənin təməlinin qoyulmasında mühüm əhəmiyyəti olduğuna görə Azərbaycan sosial dövlət modelinə uyğun şəkildə nikahdan öncəki müayinələri də dövlət təminatına alıb. İnsan orqanizmində müxtəlif patologiyalar və məsələlərə uyğun olaraq çoxsaylı müayinə metodu var. Bu müayinə metodlarından biri də genetik analizlərin müəyyən olunması əhəmiyyətlidir. Bu, ehtimal olunan qohum evliliklərinin qarşısının alınması üçün olduqca vacibdir”.
Millət vəkili qeyd edib ki, bütün müayinə metodlarını dövlət təminatına alaraq və ya bunların məcburi qaydada olmasını təmin etməklə ailə quran fərdlərin müvafiq şəkildə hüquqlarının pozulmasına gətirib çıxara bilər:
“Bu səbəbdən burada minimal paket nəzərə tutulur, yəni insanların, o cümlədən gələcək nəslin sağlam olmasına, birbaşa risk daşıyan ehtimal olunan xəstəlik qruplarının müayinə olunması yetərlidir. Hər dəfə müxtəlif təkliflər irəli sürərək bu paketi daha da genişləndirmək haqqında diskussiya aça bilərik. Digər ölkələri analiz etdikdə Azərbaycanın yanaşması olduqca doğrudur, əlavə müayinə metodlarına hazırda ehtiyac yoxdur”.
M.Məmmədli nəzərə çatdıırb ki, ailə quran iki fərd istədiyi müayinəni etməkdə sərbəstdir, bu barədə heç bir məhdudiyyət yoxdur.
