Xəzəri QATİLƏ çevirən səbəblər – RİSK qrupunda olanlar oxusun!

Yay mövsümü girər-girməz, Mərdəkan qəsəbəsində 4 gəncin dənizdə boğulması cəmiyyəti silkələyən və son dərəcə kədərli xəbər oldu. Bu, eyni zamanda, çimərliklərlə bağlı növbəti xəbərdarlıq siqnalı sayıla bilər.

Təəssüf ki, hər il eyni qara statistika ilə üzləşirik. Bəs nə etməli? Boğulma hallarının əsas səbəbləri nədir? Vətəndaşlar, özəlliklə gənclər ən çox nələrə diqqət etməlidir? Hansı hallarda dənizə girmək olmaz?

FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili Musavat.com-a bildirib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış kütləvi maarifləndirmə işlərinə baxmayaraq, hələ də bəzi vətəndaşların nəzarətsiz, qeyri-çimərlik ərazilərinə, eyni zamanda, bölgələrimizdə çimərlik kimi nəzərdə tutulmayan suvarma kanallarına, süni göllərə, çaylara, su anbarlarına və digər su obyektlərinə üz tutması halları müşahidə olunur ki, bu da sonda acı nəticələrə səbəb olur.

FHN zabiti, həmçinin, deyib: “Bildiririk ki, nəzarətsiz qeyri-çimərlik əraziləri, həmçinin bölgələrimizdə çimərlik kimi nəzərdə tutulmayan çaylar, göllər, su anbarları və digər bu kimi su hövzələri mürəkkəb relyefə, sürətli axına, məhdud görünüşə və digər təhlükəli xüsusiyyətlərə malikdir. Bu səbəbdən həmin hövzələrdən istifadə edən şəxslərin həyat və sağlamlığı ciddi təhlükə altına düşür. Odur ki, bir daha əhaliyə müraciət edirik ki, çimərlik seçimində diqqətli olsunlar.

Yalnız və yalnız xilasedicilərin xidmət apardıqları çimərliklərdən istifadə edilməli, çimərliklərdə fəaliyyət göstərən xilasedicilərin çağırış və tələblərinə, o cümlədən ərazilərdə quraşdırılmış maarifləndirici lövhələrin göstərişlərinə sözsüz əməl olunmalıdır. Qeyd edim ki, çimərliklərdə xoş və təhlükəsiz istirahət üçün hava şəraiti və günün saatları da olduqca önəmlidir. Bildiririk ki, küləyin sürəti saniyədə 10 metrdən artıq olduqda çimərliklərdə suya girmək qadağandır.

Mərdəkan hadisəsi ilə bağlı da münasibət bildirmək istəyirəm. Hadisədən əvvəlki günlərdə ölkə ərazisində güclü küləklər müşahidə olunurdu. Məhz bu küləklərin yarada biləcəyi fəsadları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi tərəfindən çimərlik istifadəçilərinə xüsusi müraciət ünvanlanmışdı. Lakin görünən odur ki, bəzi vətəndaşlar təhlükəsizlik qaydalarına əməl etmirlər ki, bu da sonda acı nəticələrə səbəb olur”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki