Əhalinin NƏZƏRİNƏ: Bu şəxslərə qaz, işıq və su pulu güzəşti edilə bilər

Azərbaycanda veteranların sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə kommunal xidmətlər üzrə güzəştlərin tətbiqi məsələsi yenidən müzakirə mövzusuna çevrilib.

Bəs gələcəkdə müharibə veteranları üçün elektrik enerjisi, qaz və su xərcləri ilə bağlı əlavə dəstək mexanizmlərinin tətbiqi mümkündürmü?
Referans Media  xəbər verir ki ,mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, veteranların sosial müdafiəsinin gücləndirilməsi dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biridir və bu sahədə yeni mexanizmlərin nəzərdən keçirilməsinə ehtiyac var.

 


Onun sözlərinə görə, ölkənin ərazi bütövlüyü və təhlükəsizliyi naminə xidmət göstərmiş veteranların sosial rifahının təmin olunması yalnız aylıq müavinət və pensiya ödənişləri ilə məhdudlaşmamalıdır:
“Gündəlik yaşayış xərclərinin azaldılması da sosial müdafiə tədbirlərinin mühüm tərkib hissəsidir. Xüsusilə son illərdə elektrik enerjisi, təbii qaz, su və digər kommunal xidmətlərin qiymətlərində artım ailə büdcələrinə əlavə yük yaradır.

Veteranlar üçün müəyyən həcmdə elektrik enerjisi, qaz və içməli su istehlakına görə güzəştlərin tətbiqi və ya bu xərclərin bir hissəsinin dövlət tərəfindən kompensasiya olunması sosial dəstəyin effektivliyini artıra bilər”.

A. İbrahimov qeyd edib ki, belə təcrübə dünyanın müxtəlif ölkələrində tətbiq olunur və həssas sosial qrupların dəstəklənməsi baxımından müsbət nəticələr verir.
Bununla yanaşı, o, güzəştlərin tətbiqində ünvanlılıq prinsipinin vacibliyini vurğulayıb:

“Şəhid ailələri, müharibə əlilləri və aşağı gəlirli veteran ailələri üçün daha geniş dəstək mexanizmlərinin hazırlanması sosial ədalət baxımından daha məqsədəuyğundur.

Veteranların sosial müdafiəsinin gücləndirilməsi yalnız sosial ödənişlərin artırılması ilə deyil, mənzil təminatı, məşğulluq, səhiyyə və kommunal xidmətlər sahəsində əlavə dəstək tədbirlərinin həyata keçirilməsi ilə mümkün ola bilər”.
Onun fikrincə, kommunal xərclər üzrə güzəştlər də gələcəkdə veteranların rifahının yüksəldilməsinə yönəlmiş sosial siyasətin tərkib hissəsi kimi nəzərdən keçirilə biləcək mexanizmlərdəndir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki