ABŞ-də vətəndaşlıq müraciəti haqlarının kəskin artırılması təklif olunur

ABŞ Prezidenti Donald Trampın administrasiyası vətəndaşlıq müraciəti haqlarının 80 faizə qədər artırılmasını və aztəminatlı şəxslər üçün nəzərdə tutulan güzəştlərin ləğv edilməsini nəzərdə tutan plan hazırlayıb.

Təklifə əsasən, hazırda əyani müraciətlər üçün 760 dollar olan rüsumun 1330 dollara, onlayn müraciətlər üçün isə 710 dollardan 1280 dollara qaldırılması planlaşdırılır.

Bundan əlavə, rədd edilmiş müraciətlərə yenidən baxılması üçün ödənilən haqların da artırılması nəzərdə tutulur.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi güzəştli ödənişlərin davam etdirilməsi üçün kifayət qədər əsas olmadığını bildirib. Hazırda aşağı gəlirli şəxslər üçün tətbiq olunan 380 dollarlıq endirimin də ləğvi təklif edilir.

Miqrant hüquqlarını müdafiə edən təşkilatlar isə bu addımın ABŞ vətəndaşlığı almaq istəyən insanlar üçün ciddi maneə yaradacağını bildirirlər.

Təkliflə bağlı ictimai müzakirələr avqustun 24-dək davam edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki