İran prezidenti Məsud Pezeşkian bildirib ki, Tehran və Vaşinqton arasında aparılan danışıqların gələcək taleyi tərəflərin üzərlərinə götürdükləri öhdəliklərə nə dərəcədə sadiq qalacaqlarından asılı olacaq. Onun sözlərinə görə, hər hansı diplomatik prosesin uğur qazanması üçün yalnız bəyanatlar deyil, konkret addımlar və razılaşdırılmış məsələlərin praktik icrası əsas meyar hesab olunmalıdır.
“Danışıqların səmərəliliyi razılaşdırılmış öhdəliklərə tam sadiqlikdən və onların dəqiq icrasından asılıdır. Bu yolda irəliləyiş qəbul edilmiş öhdəliklərə əməl olunması ilə ölçüləcək”, - deyə Pezeşkian vurğulayıb.
İran prezidenti qeyd edib ki, qarşılıqlı etimadın formalaşması üçün tərəflər sözlə əməl arasında fərqin yaranmasına imkan verməməlidirlər. Onun fikrincə, danışıqlar masasında əldə olunan razılaşmalar sonradan müxtəlif bəhanələrlə dəyişdirilirsə və ya onların icrası gecikdirilirsə, bu, dialoq mühitinə mənfi təsir göstərir və əldə olunan nəticələri risk altına salır.
Pezeşkian eyni zamanda ABŞ tərəfinin bəzi açıqlamalarına da toxunaraq bildirib ki, razılaşdırılmış çərçivədən kənara çıxan bəyanatlar danışıqların irəliləməsinə xidmət etmir. O hesab edir ki, diplomatik proseslərin həssas xarakter daşıdığı bir dövrdə tərəflər daha məsuliyyətli davranmalı, ictimaiyyətə verilən mesajlarda ehtiyatlı olmalı və qarşılıqlı etimadı zədələyə biləcək addımlardan çəkinməlidirlər.
İran prezidenti vurğulayıb ki, Tehran prinsipial mövqeyindən geri çəkilmək niyyətində deyil və ölkəsinin milli maraqları, təhlükəsizliyi və suveren hüquqları bütün danışıqlar prosesində əsas prioritet olaraq qalacaq. Onun sözlərinə görə, İran konstruktiv dialoqa və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığa hazırdır, lakin bu əməkdaşlıq birtərəfli güzəştlər üzərində qurula bilməz.
Referans Media xəbər verir ki ,bu barədə Musavat.com-a danışan politoloq Kənan Novruzov tərəflər arasında gedən danışıqların kövrək olmasına toxunub:
“ABŞ ilə İran arasında müəyyən fikir ayrılıqlarının olmasına baxmayaraq, hər halda irəliləyiş var. Bunu həm Vaşinqton, həm də Tehran təsdiqləyir. Amma vəziyyət kifayət qədər kövrəkdir. Əvvəl də dediyimiz kimi, nə İran, nə də ABŞ növbəti eskalasiyada maraqlıdır. Ancaq tərəflərin hər birinin özünü qalib kimi elan etməsi vəziyyəti çətinləşdirir. Proseslərin inkişafı göstərir ki, ABŞ müəyyən mənada əvvəlki mövqeyini dəyişməli və geri addım atmalı oldu. Bu, bir neçə faktorla bağlıdır. Birincisi, ABŞ-də keçirilən futbol üzrə dünya çempionatıdır. Sözsüz ki, mühüm idman tədbirinə ev sahibliyi etdiyi bir vaxtda ABŞ-yə İranla gərginlik sərf etmir. İkincisi, noyabr ayında ABŞ-də keçiriləcək aralıq seçkiləri ərəfəsində Trampın reytinqi onsuz da xeyli aşağı düşüb. Bu, xeyli dərəcədə onun xarici siyasət kursu, o cümlədən İranla müharibə ilə bağlıdır. Bu baxımdan Ağ Ev rəhbəri onu gözləyən təhlükəni anlayaraq geri çəkilməyi seçdi. Üçüncüsü, İranla müharibə ABŞ hərbi-siyasi elitasında ciddi fikir ayrılıqlarına səbəb oldu. Dördüncü və bəlkə də ən vacibi, ABŞ-nin İranla bağlı hesablamaları özünü doğrultmadı. Pezeşkianın səsləndirdiyi fikirlərə gəldikdə bildirməliyik ki, bu, ABŞ-yə xəbərdarlıqdır. İran prezidenti dolayısı yolla demək istəyir ki, ABŞ danışıqların şərtlərindən yayınsa növbəti müharibə başlaya bilər və bunun məsuliyyətini qarşı tərəf daşıyacaq. Vaşinqton və Tehran arasında birdən-birə davamlı sülhün təmin olacağını gözləmək doğru olmaz. Ən azından ona görə ki, tərəflər “yüksək tonla” danışmağa davam edirlər. Bu isə ciddi kompromis barədə danışmağa əsas vermir. Yəqin ki, danışıqlar davam edəcək. Hə iki tərəf mümkün qədər vaxtı uzatmağa çalışacaq. İlin sonuna doğru yeni savaşın başlanması mümkündür”.
