Lüksemburqda son illərdə “Nosferatu” adlandırılan iri hörümçəklərin sayı kəskin artıb.
Referans Media “Luxembourg Times”a istinadən xəbər verir ki, bu növ ölkədə ilk dəfə 2020-ci ildə qeydə alınıb və o vaxtdan etibarən müxtəlif bölgələrdə mütəmadi olaraq müşahidə edilir.
Onların sayı o qədər artıb ki, artıq insanların gündəlik həyatına da ciddi maneələr törədirlər.
Lüksemburqun Milli Təbiət Tarixi Muzeyinin əməkdaşı Aleksandr Vayqand bu prosesi iqlim dəyişiklikləri və qloballaşma ilə əlaqələndirib.
Qeyd edək ki, elmi adı Zoropsis spinimana olan hörümçək sinəsindəki naxışlara görə məşhur səssiz qorxu filmi qəhrəmanı “Nosferatu”nun siluetini xatırladır. Əsl vətəni Aralıq dənizi hövzəsi olan növ son illərdə Avropanın şimalına doğru yayılmağa başlayıb.
“Nosferatu” hörümçəklərinin bədən uzunluğu 1,5–2 santimetr, ayaqlarının açıqlığı isə 8 santimetrə qədər çata bilir. Bu səbəbdən onlar Mərkəzi Avropanın ən iri hörümçəklərindən hesab olunur.
Növün maraqlı xüsusiyyətlərindən biri tor qurmamasıdır. Bu hörümçəklər gecələr aktiv olur, hərəkət edərək həşəratları ovlayırlar. Buna görə də onları tez-tez evlərdə və mənzillərdə görmək mümkündür.
Mütəxəssislərin sözlərinə görə, hörümçəyin dişləməsi insan həyatı üçün təhlükəli deyil. Dişləmə arı sancmasına bənzər ağrı, qızartı və ya yüngül şişkinlik yarada bilər, lakin ciddi fəsadlar nadir hallarda müşahidə olunur.
