Yüz ildən çox əvvəl Sibir səmasında baş verən güclü partlayış müasir meqapolis böyüklüyündə bir meşə massivini yerlə-yeksan edib.
Referans Media xəbər verir ki, bu barədə "Space Daily" nəşri yazıb.
30 iyun 1908-ci ildə Podkamennaya Tunquska çayı üzərində elə bir güclü partlayış baş verib ki, yüzlərlə kilometr uzaqlıqda olan şahidlər günəşdən də parlaq bir işıq sütunu görüblər.
Bu dəhşətli partlayışın gücü təxminən 10-15 meqaton təyin olunub ki, bu da Xirosimaya atılan atom bombasının gücündən təxminən min dəfə çoxdur.
Hadisə nəticəsində təqribən 2 000 kvadratmetr sahədəki meşə bir anda yox olub. Məlumatlara görə, 80 milyondan çox ağac kökündən qoparaq mərkəzdən ətrafa doğru səpələnib. Lakin ən qəribəsi odur ki, episentr nöqtəsində nə bir çuxur, nə krater, nə də meteorit qalığı tapılıb.
Məlum olduğu kimi, bölgəyə ilk elmi ekspedisiya yalnız 1927-ci ildə çata bilib. Tədqiqatçı Leonid Kulik orada nəhəng bir krater tapacağını ümid edirdi. Lakin o, bunun əvəzinə milyonlarla aşmış ağac gövdəsi və düz mərkəzdə tamamilə yanmış, amma şaquli vəziyyətdə duran bir neçə ağac görür. Bu mənzərə nəyinsə birbaşa ağacların təpəsində partladığına işarə edirdi.
Alimlər bu sirrin cavabını yalnız XX əsrin sonlarında tapa bildilər.
Təxminən 50–60 metr diametrli bir asteroid saniyədə 27 kilometr sürətlə yerin atmosferinə daxil olub. Belə bir sürətdə qarşıdakı hava kütləsi kənara çəkilməyə macal tapmır və yüksək təzyiqlə istilik divarına çevrilir. Nəticədə daş yerə çatmamış, bir neçə kilometr hündürlükdə parçalanıb. Mahiyyətcə buxarlanan və bütün enerjisini zərbə dalğası şəklində aşağıya ötürən asteroid meşəni məhv etsə də, özü havadaykən yox olub.
Qeyd edək ki, 2013-cü ildə də Çelyabinsk səmasında cəmi 20 metr enində olan daha kiçik bir obyekt partlayıb və 1 500-ə yaxın insanın yaralanmasına səbəb olub. Bildirilir ki, əgər Tunquska obyekti ölçüsündə cisim böyük bir şəhərin üzərinə düşsəydi, bunun nəticələri müqayisəedilməz dərəcədə daha dəhşətli olardı.
