Sosial media evlilikləri azaldır? – Sosioloq RƏYİ

Son illərdə sosial media insanların həyat tərzini, ünsiyyət formalarını və ailə münasibətlərini ciddi şəkildə dəyişib. Xüsusilə gənclər arasında sosial şəbəkələrə ayrılan vaxtın artması ailə qurmağa, övlad sahibi olmağa və uzunmüddətli münasibətlərə yanaşmaya da təsirsiz ötüşməyib. Bir sıra ölkələrdə evliliklərin sayının azalması və doğum göstəricilərinin aşağı düşməsi fonunda sosial medianın bu proseslərdə rol oynayıb-oynamadığı barədə müzakirələr genişlənir.

 

 
Bəzi mütəxəssislər hesab edir ki, sosial şəbəkələr insanlarda münasibətlərə dair gözləntiləri dəyişir, fərdi həyat tərzini təşviq edir və ailə qurma yaşını gecikdirir. Digər tərəfdən, sosial medianın insanların tanışlıq imkanlarını artırdığı və ailə qurmağa kömək etdiyi də iddia olunur.

 

Maraqlıdır, sosial media həqiqətən də evlilik sayının azalmasına və doğum göstəricilərinin aşağı düşməsinə təsir göstərirmi? Bu təsir hansı mexanizmlərlə formalaşır və Azərbaycanda vəziyyət necə qiymətləndirilə bilər?

 

Referans Media  xəbər verir ki ,mövzu ilə bağlı Sfera.az-a açıqlama verən sosioloq Naib Niftəliyev bildirib ki, sosial medianın evlilik sayının azalmasına və doğum göstəricilərinin aşağı düşməsinə təsiri birbaşa deyil.

 

Onun fikrincə, sosial şəbəkələr bu prosesdə səbəb yox, daha çox vasitə rolunu oynayır.

 

Sosioloq qeyd edib ki, dünyanın bir sıra inkişaf etmiş ölkələrində insanlar məhz sosial şəbəkələr vasitəsilə tanış olaraq ailə qururlar. Onun sözlərinə görə, xüsusilə Skandinaviya ölkələrində ailələrin əhəmiyyətli hissəsi onlayn tanışlıqlar nəticəsində formalaşır və bu, həmin cəmiyyətlərdə ailə institutunun zəifləməsinə səbəb olmur:

 

"Finlandiya, Norveç, İsveç və Danimarka kimi ölkələrdə insanların böyük qismi sosial şəbəkələr üzərindən tanış olub ailə qurur. Bu ölkələr eyni zamanda xoşbəxtlik indeksində ön sıralarda yer alırlar. Buna görə də sosial mediadan istifadənin evlilik yaşının artması ilə birbaşa əlaqəli olduğunu söyləmək doğru olmaz".

 

 

N.Niftəliyev vurğulayıb ki, sosial şəbəkələr insanların seçim imkanlarını genişləndirsə də, bu, hər zaman münasibətlərin qurulmasını asanlaşdırmır. Onun sözlərinə görə, virtual mühitdə etimad problemi və manipulyasiya halları da kifayət qədər geniş yayılıb:

 

"Sosial şəbəkələrdə ciddi münasibət axtaran insanlarla yanaşı, qarşı tərəfdən yalnız şəxsi maraqları üçün istifadə etməyə çalışanlar da var. Bu səbəbdən insanlar onlayn tanışlıqlara müəyyən ehtiyatla yanaşırlar. Xüsusilə etibar və təhlükəsizlik məsələləri münasibətlərin formalaşmasında mühüm rol oynayır".

 

Sosioloqun fikrincə, son illərdə fərqli ölkələrin vətəndaşları arasında qurulan nikahların sayı da artıb və sosial media bu prosesdə əlaqələndirici vasitələrdən biri kimi çıxış edir:

 

"Bununla belə, evlilik yaşının yüksəlməsinin əsas səbəbləri sosial şəbəkələr deyil, daha çox sosial-iqtisadi amillərlə bağlıdır.

İnsanlar ailə qurmaq üçün ilk növbədə özlərini təhlükəsiz və təminatlı hiss etməlidirlər. Mənzil, iş, gəlir sabitliyi və gələcəklə bağlı inam kimi amillər təmin olunmadıqda ailə qurmaq qərarı da gecikir. Bu baxımdan evlilik yaşının artmasını sosial medianın təsiri ilə izah etmək düzgün olmaz".

 

Ekspert bildirib ki, sosial şəbəkələr bəzən münasibətlərin qurulmasına kömək etsə də, bəzən əksinə, müəyyən problemlər yarada bilir. Onun sözlərinə görə, Azərbaycanda sosial şəbəkələr vasitəsilə münasibət qurmaq imkanları mövcud olsa da, mental dəyərlərlə virtual mühitdəki davranışlar arasında müəyyən uyğunsuzluqlar müşahidə edilir.

 

N.Niftəliyev hesab edir ki, evliliklərin azalması və doğum göstəricilərinin aşağı düşməsi kimi tendensiyaların əsas səbəbləri iqtisadi vəziyyət, sosial təminat, həyat standartları və gələcəklə bağlı gözləntilərlə əlaqədardır. Sosial media isə bu mürəkkəb prosesdə yalnız çoxsaylı amillərdən biri kimi çıxış edir:

 

"Məsələ kifayət qədər mürəkkəbdir və onu yalnız sosial şəbəkələrin təsiri ilə izah etmək olmaz. Sosial media bu prosesdə iştirakçı amillərdən biridir, lakin həlledici faktor deyil".


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki