Yağışa görə bölgələrdə qiymətlər 20% ucuzlaşıb

Yay mövsümündə müşahidə olunan qeyri-sabit hava şəraiti Azərbaycanın bölgələrində turizm sektoruna və xidmət qiymətlərinə də təsir göstərir.

Referans Media  xəbər verir ki ,Turizm fəaliyyəti ilə məşğul olan şəxslərin Milli.Az-a verdiyi məlumata görə, davamlı yağışlar, güclü külək və hava temperaturunun dəyişkən olması xüsusilə açıq havada istirahətə üstünlük verən turistlərin planlarını dəyişdirir.

Nəticədə bəzi bölgələrdə gündəlik turist axını azalır, rezervasiyalar ləğv edilir və ya təxirə salınır.

Qeyri-sabit hava şəraiti hotellərin, kotteclərin və günlük kirayə evlərin doluluq səviyyəsinə təsir edir. Tələbatın azalması fonunda bəzi istirahət mərkəzləri və yerləşdirmə obyektləri müştəri cəlb etmək üçün qiymətlərdə 10-20 faizədək endirimlər tətbiq edə bilir. Xüsusilə həftəiçi günlərdə və qısamüddətli yağışlı hava şəraitində endirim kampaniyalarının sayı artır.

Eyni zamanda, hava şəraitinin əlverişli olduğu qısa dövrlərdə və həftəsonları qiymətlər yenidən əvvəlki səviyyəyə qayıdır. Bayram günləri və yüksək turizm mövsümündə isə qeyri-sabit hava olsa belə, qiymətlərdə ciddi ucuzlaşma hər zaman müşahidə edilmir.

 
Ən çox təsir dağ və təbiət turizminin inkişaf etdiyi Quba, Qusar, Qəbələ, Şəki, Zaqatala, İsmayıllı və Lerik istiqamətlərində hiss olunur. Açıq hava fəaliyyətlərinə marağın azalması həmin bölgələrdə günlük kirayə evlərə, kotteclərə və bəzi istirahət obyektlərinə tələbatı azaldır.

Hava şəraiti uzun müddət qeyri-sabit davam etməzsə, qiymətlərdəki dəyişiklik əsasən qısamüddətli olur və hava normallaşdıqdan sonra turist axını ilə birlikdə bazar da əvvəlki aktivliyini bərpa edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki