Yarımçıq “kupça” qərarı yarım milyon evi havada qoydu – 35 illik “mazollaşmış” problem

Sosial və hüquqi baxımdan bu məsələ sadəcə rəsmi sənədlərin verilməsi deyil. Vətəndaşların mülkiyyət hüququnun tanınması, ailələrin gələcək təminatı və daşınmaz əmlak bazarının şəffaflığı məsələsidir. Əgər dövlət bu yarım milyon evin problemli statusunu uzun müddət həll etməsə, vətəndaşlar üçün “havada qalan evlər” dramı davam edəcək.

Həll yolu nədir?

Ekspertlər bildirirlər ki, dövlət yarımçıq qərarı tamamlamaqla, mərhələli leqallaşdırma proqramı tətbiq etməli, bələdiyyə torpaqlarında tikilən evləri rəsmi qeydiyyata alınmalıdır. 1995-ci ildən sonra bələdiyyələrdən sadəcə kağız parçası ilə torpaq alan yüz minlərlə ailə kənarda qalmamalıdır. Vətəndaşlar illərlə evlərində yaşayır, vergilər ödəyir, kommunal xidmətlərə pul verir, amma ən vacib sənəd olan kupçanı dövlətdən ala bilmir. Kupçası olmayan ev isə nə satıla, nə girov qoyula, nə də ipoteka krediti üçün istifadə edilə bilər.

Bəs niyə verilmiş qərar yarımçıq oldu?

Mütəxəssislər açıq deyirlər prosesin qarşısında illərlə formalaşmış “kupça mafiyası” dayanır. Sənədsiz evlərin birdəfəlik leqallaşdırılması həmin şəbəkənin tam iflası deməkdir. Dövlətin son qərarı ilə yalnız sovet dövrünün evləri leqallaşır, amma müstəqil Azərbaycanın reallığı olan yarım milyon ailənin kupça problemi hələ də açıq qalır. Hüquqşünasların fikrincə, çıxış yolu bələdiyyə torpaqlarında tikilmiş evlərin dövlət balansına keçirilməsi, minimal rüsumlarla qeydiyyata alınması və kupça mafiyasına qarşı sərt tədbirlər görülməsindədir. Əks halda, yarım milyon kupçasız evin problemi uzun illər ölkənin ən böyük sosial yaralarından biri olaraq qalacaq.

Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki