image-iran-1backend

Yaxın Şərqdə böyük savaş ssenarisi – ABŞ və Böyük Britaniya bir blokda

Orta Şərqdə artan gərginlik fonunda “3-cü dünya müharibəsi” ehtimalları ilə bağlı müzakirələr davam edir. Mövcud proseslərin qlobal müharibəyə çevrilib-çevrilməyəcəyi ilə bağlı fərqli yanaşmalar səsləndirilir.

Referans Media-ya açıqlama verən Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, bu, 3-cü dünya müharibəsi olmayacaq.

O qeyd edib ki, regional qarşıdurma genişlənərsə, bu, ərəb ölkələrinin İrana cavabı ilə nəticələnə bilər:

image-sedreddin-soltan“Yəni, körfəz müharibəsi ola bilər. Biz adətən dünya müharibəsini aparıcı dünya qüvvələri arasında baş verən müharibə kimi dəyərləndiririk. Tutaq ki, Rusiya ilə ABŞ arasında, Rusiya ilə Böyük Britaniya, yaxud Çinlə ABŞ arasında. Amma burada ABŞ ilə Rusiya arasında müharibə olmayacaq. Bu lokal müharibədir”.

Onun sözlərinə görə, lokal müharibədə əsas hədəf İranda hakimiyyətin dəyişməsi və ya ABŞ-ın maraqlarına uyğun, Vaşinqtonla dialoqa gedə biləcək qüvvələrin hakimiyyətə gətirilməsi istiqamətində aparılan prosesdir.

Siyasi şərhçi hesab edir ki, münaqişənin genişlənərək Rusiyanın və Çinin birbaşa müharibəyə qoşulması ehtimalı demək olar ki, yoxdur:

“ABŞ və Böyük Britaniya bir qrupdur. Amma İranın arxasında Rusiyanın və Çinin dayanması ilə iki tərəfin bir-birinə toqquşması ehtimalı yoxdur. Çünki Rusiyanın müharibə aparmaq və regionda aktiv fəaliyyət göstərmək üçün hərbi imkanları məhduddur – həm texnika, həm də canlı qüvvə baxımından”.

Soltan əlavə edib ki, Çin də ABŞ-la açıq qarşıdurmaya getmək istəməz:

“Çinin planı dünyanın bir nömrəli iqtisadi gücünə sahib olmaqdır və bir milyarddan çox insanın tələblərini ödəməkdir. Çin müharibəyə qatılarsa, ölkə daxilində və mövcud hakimiyyətin gələcəyində problemlər yarana bilər. Ona görə Çin bu məsələlərə ehtiyatla yanaşır və müharibələrdən uzaq durmağa çalışır”.

Ekspert vurğulayıb ki, əgər Çin və Rusiya müharibəyə qatılmırsa, bunu güclülər arasında növbəti dünya müharibəsi adlandırmaq doğru deyil və belə bir hadisəyə çevrilmə ehtimalı yoxdur.

Gülnaz Abdullazadə.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki