Yaxın Şərqdə artan hərbi gərginlik fonunda Hörmüz Boğazının mümkün bağlanması ilə bağlı ehtimallar qlobal enerji bazarlarında ciddi müzakirə olunur. Məsələnin iqtisadi tərəfini şərh edən ekspertlər neft qiymətlərində kəskin artım riskinin real olduğunu bildirirlər.
Referans Media-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli qeyd edib ki, iqtisadi baxımdan neftin 100 dollara qədər yüksəlməsi ilə bağlı səsləndirilən fikirlər kifayət qədər əsaslıdır. Onun sözlərinə görə, Hörmüz Boğazı dünya neftinin böyük hissəsinin keçdiyi əsas tranzit yoludur və bu marşrutda hər hansı məhdudiyyət qlobal təchizata birbaşa təsir göstərir.
Ekspert bildirib ki, boğaz qismən və ya tam bağlanarsa, qlobal neft təchizatı azalacaq. Tələb eyni səviyyədə qaldığı halda isə bazarda qiymətlər kəskin şəkildə arta bilər. O vurğulayıb ki, tarixi baxımdan da oxşar regional gərginliklər neftin qiymətinin əhəmiyyətli dərəcədə yüksəlməsi ilə nəticələnib.
A.Nəsirli əlavə edib ki, ssenarinin reallaşma ehtimalı bir qədər kompleksdir. Onun fikrincə, tam bağlanma həm iqtisadi, həm də hərbi baxımdan ciddi risklər daşıdığı üçün dərhal baş verməsi az ehtimallıdır. Lakin qismən bağlanma və ya tranzitin məhdudlaşdırılması mümkün variant kimi qiymətləndirilə bilər.
Ekspertin sözlərinə görə, belə hallarda qiymətlər müvəqqəti olaraq yüksələ bilər, xüsusilə spekulyativ faktorlar bazara təsir göstərdiyi zaman artım daha sürətli ola bilər.
O qeyd edib ki, bazarların 100 dollara yaxın neft qiyməti proqnozunu risk əsaslı qiymətləndirməsi realdır. Bununla belə, prosesin vaxtı və miqyası dəyişkən ola bilər və yekun nəticə geosiyasi hadisələrin inkişafından asılı olacaq.
Gülnaz Abdullazadə






















