Yaxın Şərqdə müharibə yenidən alovlandı: Neft bahalaşdı, bazarlar silkələndi

Yaxın Şərqdə yenidən alovlanan hərbi qarşıdurma dünya bazarlarında ciddi dalğalanmalara səbəb olub.

Referans Media xəbər verir ki, İsrailin İranın Tehran, İsfahan, Təbriz və Kərəc şəhərlərinə endirdiyi zərbələrdən sonra bölgədə gərginlik daha da artıb. ABŞ Prezidenti Donald Trampın təmkin çağırışlarına baxmayaraq baş verən hadisələr investorların narahatlığını artırıb.

Məlumata görə, İran və İsrail arasında qarşıdurmanın yenidən başlaması enerji bazarlarına dərhal təsir göstərib. Brent markalı neftin bir barelinin qiyməti yeni həftənin ilk əməliyyatlarında 96 dolları ötüb.

Ekspertlər bildirirlər ki, gərginliyin daha da artması və xüsusilə Hörmüz boğazında enerji daşımalarına təhlükə yaranması neft qiymətlərinin daha da yüksəlməsinə səbəb ola bilər. Qlobal neft tədarükünün mühüm hissəsinin bu marşrut üzərindən həyata keçirilməsi bazarlarda narahatlığı artırır.

Geosiyasi risklərin yüksəlməsi investorların diqqətini yenidən qızıla yönəldib. Ötən həftə ucuzlaşan qızılın unsiya qiyməti 4300 dollar səviyyəsində qərarlaşıb. Analitiklər hesab edirlər ki, qarşıdurmanın genişlənməsi halında təhlükəsiz investisiya aləti hesab edilən qızıla tələbat daha da arta bilər.

Mütəxəssislərin fikrincə, İsrail və İran arasında mümkün yeni hücumlar enerji, qiymətli metallar və fond bazarlarında daha sərt dəyişikliklərə yol aça bilər. Hazırda investorlar İranın verəcəyi növbəti reaksiyanı diqqətlə izləyirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki