backend

Yeni ili bu rayonlarda keçirmək istəyənlər 2500 manat verməlidir – SİYAHI

Xəbər verdiyimiz kimi, Azərbaycanda Yeni ildə ardıcıl 5 gün iş olmayacaq. Artıq əksəriyyət tətil planlarını qurmağa başlayıb. Bu il də vətəndaşların hansı istiqamətlərə üz tutacağı maraq doğurur.

Bayram günlərində xarici ölkələrə səyahət edənlərin sayı artacaq, yoxsa regionlara axın daha çox olacaq?

Referans Media xəbər verir ki, globalinfo.az-a danışan turizm üzrə ekspert Əziz Şiriyev deyib ki, hazırda həm ölkədaxili, həm də xarici istiqamətlər üzrə müraciətlər müşahidə olunur.

Onun sözlərinə görə, beş ulduzlu otellərdə qiymətlər 1000 manatdan yuxarıdır:

“Bu baxımdan turizm şirkətlərinin xidmətindən istifadə etmək tövsiyə olunur. Belə ki, daha münasib qiymətlərlə dörd və beş ulduzlu otellərdə qalmaq, qidalanmaq, nəqliyyat və ekskursiya xidmətlərini əhatə edən paketlər təklif edilir. Hazırda birgünlük turların qiyməti 25-29 manat, iki günlük turlar 100-200 manat, üç günlük turlar isə 250-350 manat arasında dəyişir. Turizm şirkətləri otellərlə mütəmadi əməkdaşlıq etdikləri üçün daha sərfəli qiymətlər təqdim edirlər”.

Ekspert bildirib ki, xarici turlar da əsasən turizm şirkətləri vasitəsilə qrup şəklində təşkil olunur:

“Xüsusilə tək səyahət etmək istəməyən, dil bilməyən və ya müəyyən qorxuları olan şəxslər üçün bu, daha rahat seçimdir. Qrup turlarında dil bilən tur rəhbəri olur və demək olar ki, bütün xidmətlər ödənişə daxildir. Hazırda ən çox maraq göstərilən istiqamətlər Doha, Dubay, Şarm əl-Şeyx, Türkiyə və Gürcüstandır. Son dövrlər Tayland və viza rejiminin ləğv edilməsi səbəbindən Çinə də maraq artıb. Qış aylarında bu ölkələrdə hava şəraitinin əlverişli olması turistlər üçün əlavə üstünlük yaradır”.

Turizm eksperti Ceyhun Aşurov isə qeyd edib ki, bayram günlərində həm ölkədaxili, həm də xarici ölkələrə səfərlərin sayında artım gözlənilir:

“Regionlardan Quba, Qusar, Lənkəran, Qəbələ və Gəncə istiqamətlərinə üstünlük verilir. Bu bölgələr üzrə müxtəlif tur paketləri artıq formalaşıb. Yeni il şənliklərini əhatə edən iki gecə, üç günlük turların qiyməti bəzi regionlarda 1500-2500 manat civarındadır. Qarabağ istiqamətində qiymətlər təxminən 1200-2000 manat, Gəncə istiqamətində isə 800-1500 manat arasında dəyişir. Bu baxımdan vətəndaşlar üçün seçim imkanları mövcuddur”.

Ekspertin sözlərinə görə, xarici istiqamətlər arasında Tbilisi, İstanbul, Doha və Misir turları daha populyardır:

“Bu turların qiyməti adambaşı təxminən 1000 dollar (təxmini 1700 manat) təşkil edir. Bura aviabiletlər, şəhər turları, oteldə qalma, səhər yeməyi və 4 gün qalmaq daxildir. Misir turlarında isə adətən “hər şey daxil” sistemi tətbiq olunur. Şri-Lanka və Maldiv istiqamətlərində isə qiymətlər adambaşı 2000 (təxmini 3400 manat) dollara qədər yüksəlir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki