Yeniyetmələr niyə silaha əl atır? Psixoloqdan ciddi XƏBƏRDARLIQ

Son dövrlər məktəblərdə yeniyetmələr tərəfindən törədilən zorakılıq və cinayət xarakterli hadisələrin artması mütəxəssisləri ciddi şəkildə narahat edir. Tarixən bu kimi hallar mövcud olsa da, son vaxtlar bıçaqlanma və güllələnmə kimi ağır hadisələrin gündəmə gəlməsi problemin psixoloji tərəfdən daha dərindən araşdırılmasını zəruri edir.

Referans Media-ya açıqlama verən psixoloq Gülər Məmmədova bildirib ki, yeniyetmələrin psixologiyasında impulsivlik üstünlük təşkil edir və bu yaş dövründə atılan addımların nəticələri tam dərk olunmur. Onun sözlərinə görə, bəzi yeniyetmələr qisas xarakterli davranışlar sərgiləyir, bəziləri isə konfliktli və böhranlı ailədə böyüdüyü üçün daxili aqressiya ilə yaşayır.

Psixoloq qeyd edib ki, bu aqressiyanın hədəfi bəzən müəllimlər olur: “Uşağı sinif yoldaşları arasında təhqir edən, xırda sözlərlə incidən, bullinq edən müəllimlər də olur. Fiziki və psixoloji şiddət qarşılıqlı xarakter daşıyır və müəllimin davranışı şagirddə geridönüş reaksiyası yarada bilir.”

Gülər Məmmədova vurğulayıb ki, yeniyetmənin simptomlarını və həmin yaş dövründə göstərə biləcəyi davranışları düzgün müəyyənləşdirmək vacibdir: “Əgər yaş xüsusiyyətlərinə uyğun düzgün rəftar olunsa, bir çox riskli davranışların qarşısını almaq olar. Təəssüf ki, bəzən müəllimlər yeniyetmə ilə sanki rinqə çıxmış kimi mübahisə edir, ona psixoloji təzyiq göstərir, sonda isə bütün məsuliyyət yeniyetmənin üzərinə yüklənir.”

Psixoloq əlavə edib ki, yeniyetmələr bu hallarda avtomatik olaraq “qurban” kimi qiymətləndirilməməlidir, lakin pedaqoqlar məsuliyyəti də unutmamalıdır: “Müəllim və pedaqoq ilk növbədə yeniyetməni bir şəxsiyyət kimi dəyərləndirməli, onun şəxsi həyatında baş verənləri nəzərə almalıdır. Travma yaşayan, psixikasında problemlər olan, davranış pozuntusu sərgiləyən uşaqları qrup qarşısında tənqid və təhqir etmək doğru deyil.”

Açıqlamada bildirilib ki, böhranlı ailədə böyüyən uşaqlarda daxili aqressiya daha güclü olur və onlar bu aqressiyanı kimdənsə çıxmağa meylli olurlar. Psixoloqun sözlərinə görə, bu uşaqların oynadığı oyunlar, izlədiyi filmlər və sosial mediada qarşılaşdığı obrazlar da prosesə təsir edir: “Onlar özlərini qəhrəman rolunda təsəvvür edir, bu fantaziyaları real həyatda kiməsə tətbiq etməyə çalışa bilirlər.”

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki