Pul üstündə dava edən ailələri nə gözləyir? - Müsahibə

Son dövrlər ailələrdə maddi sıxıntılar, kreditlər və borclar ciddi problemlərə səbəb olur. Bir çox ər-arvad gününü pul, kredit, xərcləri çatdırmaq, borcları ödəmək barədə düşünməklə keçirir. Nəticədə maddi qayğılar ailədə söz-söhbətə, soyuqluğa, hətta boşanmaya qədər gətirib çıxara bilir.  

Referans Media mövzu ilə bağlı Reset Psixologiya mərkəzinin rəhbəri, psixoloq Elnarə Əliyevanın “Yeni Sabah”a müsahibəsini təqdim edir:

 – Maddi sıxıntı ər-arvadı bir-birindən uzaqlaşdıra bilərmi? 

– Bəli, həm də çox vaxt hiss olunmadan, addım-addım. Seanslarda müşahidə etdiyim ən xarakterik hal budur: pul çatışmazlığı xroniki hala çevrildikdə insan beyni davamlı "sağ qalma" (survival) rejiminə keçir. Sinir sistemi fasiləsiz təhdid və təşviş siqnalı verəndə, insanda empatiya, nəvaziş, dinləmə və romantika kimi ali emosional resurslar tükənir.

Yəni ər-arvad bir-birinə qarşı sevgisini itirdiyi üçün yox, daimi təhlükəsizlik qayğısından emosional cəhətdən tükəndiyi üçün soyuyur. Bir müddət sonra tərəfdaş dincələcək bir sığınacaq kimi yox, yeni bir tələb, yeni bir xərc və ya qayğı mənbəyi kimi qavranılmağa başlayır ki, bu da araya dərin bir yadlaşma divarı hörür.

– Pul üstündə yaranan mübahisələr niyə getdikcə böyüyür?

– Mənim klinik təcrübəmdə ən çox gördüyüm həqiqətlərdən biri budur: ailədə pul heç vaxt təkcə pul demək deyil. Pul şüuraltında etibardır, azadlıqdır, gücdür və sevgidir.

Tərəflər "Bu ay bu qədər xərclədin", "Krediti niyə gecikdirdin?" deyə qışqıranda, əslində alt qatda fərqli emosional fəryadlar yatır:

 "Mən özümü bu evdə güvəndə hiss etmirəm"

 "Mənim zəhmətim və fədakarlığım görünmür"

 "Gələcəyə dair qorxularımla tək buraxılmışam".

Mübahisə rəqəmlər üzərindən aparıldığı, amma daxildəki qorxu və dəyərsizlik dilləndirilmədiyi üçün problem heç vaxt həll olunmur. Hər yeni faktura əvvəlki emosional yaraların qabığını qopardığı üçün mübahisə kiçik bir alış-verişdən başlayıb xarakter qətlinə qədər böyüyür.

– Maddi problemlər sevgini və ailə bağlarını zəiflədə bilərmi?

– Birbaşa sevgini öldürməz, lakin sevgini qidalandıran zəmini, yəni hörməti, təhlükəsizlik hissini və heyranlığı aşındırar. Sevgi xüsusi qayğı və diqqət istəyən canlı bir prosesdir, tərəflər bir-birinə gözəl söz deməyə, birlikdə dincəlməyə, keyfiyyətli vaxt keçirməyə taqət tapmadıqda bağlar tədricən zəifləyir.

Əgər ailədə ünsiyyət tərzi "biz bu problemi necə birlikdə həll edək?" yox, "sənin ucbatından bu gündəyik" ittihamına keçibsə, sevgi zamanla yerini qəzəb və incikliyə təslim edir. Çünki heç bir hiss xroniki günahlandırma və tənqid mühitində sağ qala bilmir.

 – Bəs pul problemi boşanmaya səbəb ola bilərmi?

– Statistika və klinik praktikam göstərir ki, boşanma səbəbləri arasında maliyyə böhranları ilk üçlükdədir. Ancaq burada incə bir xətt var: ailəni dağıdan pulun azlığı deyil, pul çatışmazlığının ortaya çıxardığı davranış tərzidir. Əgər tərəflər bir-birini alçaldırsa, iqtisadi gizlilik (maliyyə xəyanəti) yaranırsa və ya məsuliyyətsizlik hökm sürürsə, boşanma qaçılmaz olur.

– Belə ailələr nə etməlidir?

– Problemlə tərəfdaşı ayırın: Problemi yoldaşınızın xarakteri ilə eyniləşdirməyin. "Sən bacarıqsızsan" demək yerinə, "Bizim büdcəmiz hazırda çətindir və bu, bizim ortaq problemimizdir" formuluna keçin.

Maliyyə şəffaflığı: Bütün borclar, gəlirlər və xərclər gizlədilmədən bir masa arxasında vərəqə yazılmalıdır. Qaranlıq qalan hər detal şübhə və etimadsızlıq doğurur.

Qayğı və ittiham saatını məhdudlaşdırın: Bütün gün pul davası etmək əvəzinə, həftədə bircə gün, məsələn, bazar günü axşam 30 dəqiqə sadəcə büdcəni planlaşdırın. Qalan günlərdə bu mövzunu davamlı təkrar edib münasibəti zəhərləməyin.

– Kişinin ailəni dolandıra bilməməsi onda hansı psixoloji hisslər yaradır?

– Bizim mədəniyyətimizdə və cəmiyyətimizdə kişinin ən təməl arxetipi "təminatçı" və "qoruyucu" roludur. Kişi bu funksiyanı yerinə yetirə bilmədikdə daxilində çox ağır bir identiklik və ekzistensial böhran yaşanır. Kişilər adətən bu hissləri dilə gətirə bilmirlər, amma daxildə dərin bir yetərsizlik, xəcalət, acizlik və ləyaqət itkisi formalaşır. Nəticədə kişi iki cür müdafiə mexanizminə əl atır: Ya tamamilə qınına çəkilir, susur, emosional olaraq uzaqlaşır və depressiyaya qapılır. Ya da bu yetərsizlik hissini maskalamaq üçün evdə ən xırda şeyə əsəbiləşir, aqressiv və qıcıqlı reaksiya verir (özünümüdafiə aqressiyası). Çünki aciz görünməkdənsə, əsəbi görünmək onun üçün daha təhlükəsizdir.

– Maddi sıxıntı qadında hansı problemlərə səbəb ola bilər?

– Qadın psixologiyası üçün ən vacib təməl ehtiyaclardan biri təhlükəsizlik və gələcəyə inamdır. Maddi böhran bu təhlükəsizlik zəminini birbaşa alt-üst edir. Dəyərsizlik və məhrumiyyət hissi: Qadın öz ehtiyaclarını - geyimini, şəxsi qulluğunu, sosial mühitini, hətta bəzən sağlamlığını davamlı olaraq arxa plana atdıqca daxilində "mən ən axırıncı pillədəyəm", "mən heç nəyə layiq deyiləm" inancı kök salır. Bu isə özünəinamın sıfırlanmasına gətirib çıxarır.

Xroniki həyəcan və tükənmişlik: Evin gündəlik idarəçiliyi, uşaqların qidası, məktəbi və sabah nə bişiriləcəyi narahatlığı çox vaxt qadının çiynində olur. Az pulla çox iş görmək məcburiyyəti zehni və fiziki tükənmişlik yaradır.

Tərəfdaşa inamın sarsılması: Qadın qarşısındakı kişiyə arxalana bilməyəndə məcburən "nəzarətçi" və ya "həddindən artıq qayğıkeş/dominant" rola girir. Bu isə onun qadınlıq enerjisini zədələyir və daimi bir qəzəb, əsəb fonu yaradır.

– Maddi vəziyyət düzəldikdən sonra ailədə əvvəlki münasibətləri bərpa etmək mümkündürmü?

– Bəli, amma bu proses avtomatik baş vermir. İllərdir seanslarda müşahidə edirəm: bir çox ailə düşünür ki, "kreditlər bitsin, hər şey əla olacaq". Lakin borclar bağlanır, amma soyuqluq qalır. Niyə? Çünki çətin günlərdə deyilmiş ağır sözlər, edilmiş haqsızlıqlar, xarakterə yönəlmiş təhqirlər yaddaşdan silinmir. Maddi böhran bitəndə arxada emosional xarabalıq qalır. Əgər tərəflər böhran dövründə bir-birinin ləyaqətinə toxunmayıbsa, vəziyyət düzələndə əlaqə çox asanlıqla, hətta daha güclü şəkildə bərpa olur. Yox, əgər ağır psixoloji travmalar vurulubsa, borclar bitdikdən sonra mütləq "emosional bərpa" mərhələsi keçilməli, keçmiş incikliklər açıq danışılmalı və bağışlanmalıdır.

–  Ailədə pul problemi varsa, tərəflər bir-birinə necə dəstək olmalıdır?

– Burada açar formul var. Birincisi, ittiham edən iki düşmən deyil, eyni fırtınada eyni qayığı xilas etməyə çalışan iki komanda yoldaşı olmaqdır.

Kişiyə veriləcək dəstək: Qadın kişiyə onun zəhmətini gördüyünü hiss etdirməlidir. "Hazırda çətindir, amma mən görürəm ki, sən çalışırsan. Biz bunun öhdəsindən gələcəyik" cümləsi bir kişinin özünəinamını və ailəni qorumaq əzmini bərpa edən ən güclü psixoloji dərmandır. Tənqid kişini gücləndirmir, iflic edir.

 Qadına veriləcək dəstək: Kişi qadının qorxularını "boş-boş danışma, düzələcək də" deyib dəyərsizləşdirməməlidir. Real vəziyyəti izah etməli, planını paylaşmalı və qadının fədakarlığını şifahi olaraq təqdir etməlidir: "Sənin nələrdən imtina etdiyini görürəm və buna görə sənə minnətdaram."

Maliyyə xaricində bağ qurmaq: Həyat təkcə büdcədən ibarət deyil. Xərc tələb etməyən ortaq anlar yaradın: birlikdə çay içib söhbət etmək, axşam gəzintisinə çıxmaq, bir-birinə sadəcə qucaqlaşıb dəstək olmaq. Təhlükəsizlik hissini bank hesabından deyil, bir-birinizin qucağından və anlayışından almağa çalışın. Bu baxış bucağı ailəni təkcə borclardan qorumur, eyni zamanda o böhrandan daha yetkin və möhkəm çıxmasına kömək edir.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki