İnternet mağazaları belə aldadır - YENİ QAYDALAR gəlir…

Azərbaycanda elektron ticarət qaydalarına dəyişiklik edilməsi gündəmə gəlib. Elektron ticarət haqqında qanuna dəyişiklik layihəsinin Milli Məclisdə müzakirəyə çıxarılması onlayn alış-veriş bazarında istehlakçıların hüquqlarının qorunması məsələsini yenidən aktuallaşdırıb. Son illər vətəndaşlar həm yerli, həm də xarici internet mağazalarından, eləcə də sosial şəbəkələr üzərindən alış-verişə daha çox üstünlük verirlər.

Onlayn ticarət rəqabəti artırır

Bəs qanunvericiliyə təklif olunan dəyişikliklər elektron ticarət bazarında hansı yeniliklərə yol açacaq?

Referans Media-ın məlumatına görə, istehlakçıların hüquqlarının müdafiəçisi Eyyub Hüseynov Musavat.com-a bildirib ki, elektron ticarətlə bağlı qanunvericiliyə dəyişikliklər hazırlanarkən ictimai təşkilatların və istehlakçıların fikirləri də öyrənilməlidir. Onun sözlərinə görə, dövlət qurumları ilə ictimaiyyət, xüsusilə də istehlakçı hüquqlarını müdafiə edən təşkilatlar arasında əlaqələrin zəif olması qanunvericilikdə real problemlərin nəzərə alınmasına mane olur: “Elektron ticarətlə bağlı ciddi problemlər yaşanır. Bizə hər həftə bu istiqamətdə şikayətlər daxil olur. Ümumiyyətlə, dünya istehlakçıları getdikcə daha acgöz və tənbəl istehlakçıya çevrilirlər. Bu xüsusiyyətlər marketoloqların müxtəlif hiylələrindən istifadə etməsinə şərait yaradır. Nəticədə istehlakçılar reklam və satış üsullarının təsiri altına düşürlər”.

Eyyub Hüseynovdan at əti ilə bağlı AÇIQLAMA -

Ekspert hesab edir ki, internet üzərindən sifariş edilən dərmanların təxminən 70 faizi saxtadır: “Buna görə də vətəndaşlara onlayn platformalardan dərman preparatları almamağı tövsiyə edirəm. Daxil olan şikayətləri ümumiləşdirsək, onlayn alış-veriş zamanı bir neçə əsas problemlə qarşılaşırıq. Birinci problem sifariş edilən məhsulun əvəzinə başqa malın göndərilməsidir. İstehlakçı internetdə bir məhsulu bəyənib sifariş verir, lakin ona tamamilə fərqli mal çatdırılır. Belə vəziyyətdə məhsulun geri qaytarılması və ya dəyişdirilməsi ciddi problemə çevrilir. İkinci problem kuryer xidmətləri ilə bağlıdır. Bəzən kuryer məhsulu axşam saatlarında, insanların çox olduğu metro çıxışlarında və digər yerlərdə istehlakçıya təhvil verir, pulunu alır və dərhal oradan uzaqlaşır. Üstəlik, kassa çeki də təqdim edilmir. İstehlakçı sonradan məhsulla bağlı problem aşkar etdikdə isə əlində yalnız kuryerin telefon nömrəsi olur. Onu tapmaq, məsuliyyətə cəlb etmək mümkün olmur. Üçüncü problem elektronika və məişət texnikasının çatdırılması zamanı üzə çıxır. Məsələn, vətəndaş fen və ya televizor sifariş edir, məhsulu evdə açanda isə onun sınıq olduğunu görür. Bu zaman istehlakçı malın ona artıq zədələnmiş vəziyyətdə çatdırıldığını sübut edə bilmir. Satıcı da məsuliyyəti üzərinə götürmək istəmir. Nəticədə vətəndaş zərərlə üzləşir”.

Ekspert qeyd edib ki, digər ciddi məsələ alış-veriş zamanı bank olmayan kredit təşkilatlarının prosesə qoşulmasıdır: “Əvvəllər istehlakçı məhsulla bağlı problem yaşadıqda əsasən satıcı ilə mübahisə edirdi. Biz də bu mübahisələrin həllinə kömək etməyə çalışırdıq. İndi isə alış-veriş kreditlə həyata keçiriləndə prosesə üçüncü tərəf – pulu maliyyələşdirən kredit təşkilatı da qoşulur. Problem yarananda istehlakçı bu dəfə həm satıcı, həm də kredit təşkilatı ilə münasibətləri aydınlaşdırmalı olur. Kredit təşkilatı isə bildirir ki, pulu mağazaya ödəyib, mağaza da məhsulu təqdim edib. Beləliklə, istehlakçının hüququnu müdafiə etməsi daha da çətinləşir. Təəssüf ki, yerli onlayn ticarətçilər arasında da istehlakçını aldadan hallara rast gəlinir”.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki