Hörmüz boğazından keçən sualtı fiber-optik internet kabellərinin zədələnməsi Yaxın Şərq ölkələrinin beynəlxalq internet bağlantısında ciddi problemlərə səbəb ola bilər. Belə bir ssenaridə internet sürətinin azalması, bank əməliyyatlarında gecikmələr və bəzi rəqəmsal xidmətlərin müvəqqəti dayanması ehtimal olunur. Bununla yanaşı, alternativ bağlantı marşrutlarının mövcudluğu təsirlərin miqyasını müəyyən edən əsas amillərdəndir.
Referans Media-ya açıqlama verən İT mütəxəssisi Kamran Əsədullayev bildirib ki, Hörmüz boğazından keçən sualtı fiber-optik kabellərin zədələnməsi ilk növbədə Körfəz ölkələrinin beynəlxalq internet bağlantısına ciddi təsir göstərə bilər. Çünki bu kabellər ölkələr arasında böyük həcmdə məlumat mübadiləsini təmin edir.
Onun sözlərinə görə, belə bir hadisə baş verərsə, ilk növbədə internet sürətinin azalması, xarici saytlara girişdə gecikmələr və bəzi rəqəmsal xidmətlərin müvəqqəti dayanması mümkündür.
Ekspert qeyd edib ki, Qətər, Bəhreyn, Küveyt və Birləşmiş Ərəb Əmirliklərində istifadəçilər xarici serverlərə qoşulmaqda çətinlik çəkə bilərlər. Videozənglərdə donmalar, onlayn xidmətlərdə gecikmələr və bulud platformalarına girişlə bağlı problemlər yarana bilər.
O bildirib ki, bu cür vəziyyət bank sektoruna da təsirsiz ötüşməyəcək. Belə ki, bir ölkədəki bank xarici ödəniş sistemi və ya məlumat mərkəzi ilə əlaqəni itirərsə, beynəlxalq pul köçürmələri gecikə, bəzi kart ödənişləri isə müvəqqəti uğursuz ola bilər. Bununla belə, ölkədaxili bank əməliyyatlarının hamısının dayanması mütləq deyil.
Kamran Əsədullayevin sözlərinə görə, alternativ internet bağlantısı marşrutları da mövcuddur. Məlumat trafiki Səudiyyə Ərəbistanı üzərindən keçən quru fiber-optik xətlərə, Qırmızı dəniz istiqamətindəki kabel sistemlərinə və digər beynəlxalq bağlantılara yönləndirilə bilər. Peyk rabitəsi də müəyyən xidmətlər üçün ehtiyat vasitə rolunu oynaya bilər.
Lakin burada əsas problem alternativ xətlərin ötürmə qabiliyyətidir. Ekspert vurğulayıb ki, böyük həcmdə məlumat eyni vaxtda ehtiyat marşrutlara yönləndirilərsə, həmin xətlərdə də yüklənmə və gecikmələr yarana bilər.
O, hadisənin Azərbaycana mümkün təsirlərinə də toxunub. Bildirib ki, belə bir vəziyyət ölkəmizdə internetin birbaşa kəsilməsi demək deyil. Azərbaycanın Türkiyə və digər istiqamətlər üzərindən beynəlxalq fiber-optik bağlantıları mövcuddur. Bununla belə, beynəlxalq trafik marşrutlarında dəyişikliklər baş verərsə, bəzi xarici platformalara çıxışda gecikmələr və xidmət keyfiyyətində azalma müşahidə oluna bilər.
İT mütəxəssisi əlavə edib ki, müasir internet şəbəkələri ehtiyat marşrutlar nəzərə alınmaqla qurulur. Ancaq bir neçə kabelin eyni vaxtda sıradan çıxması, alternativ xətlərin məhdud ötürmə tutumu və təmir işlərinin çətinləşməsi vəziyyəti ağırlaşdıra bilər. Sualtı kabellərin təmiri xüsusi gəmilər və texniki avadanlıq tələb edir, hərbi gərginlik isə bu prosesi gecikdirə bilər.
Kamran Əsədullayevin qənaətinə görə, Hörmüz boğazında belə bir hadisənin ən böyük təhlükəsi qlobal internetin tamamilə dayanması deyil, Yaxın Şərqin rəqəmsal və iqtisadi fəaliyyətinin zəifləməsidir. Çünki bu gün internet yalnız ünsiyyət vasitəsi deyil, həm də bank sistemlərinin, ticarətin, dövlət xidmətlərinin və beynəlxalq iqtisadi əlaqələrin əsas dayaqlarından biridir.
Gülnaz Abdullazadə
