image-zelenski-pehlevibackend

Zelenski şahın oğlu ilə niyə görüşdü?

Ukrayna prezidenti Volodimir Zelenskinin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində sonuncu İran şahının böyük oğlu Rza Pəhləvi ilə görüşməsi və ona dəstəyini ifadə etməsi Azərbaycanda və güney azərbaycanlılar arasında birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə “Ukrayna prezidenti məgər bilmir ki, Rza Pəhləvi güney azərbaycanlıların əleyhinə olan şəxsdir və Azərbaycan Respublikası tərəfindən müdafiə edilmir?” kimi suallar da bunu təsdiqləyir.

Zelenski bu məzmunda narazılıqların ola biləcəyini bildiyi halda niyə şahın oğlu ilə görüş zərurəti hiss etdi? Bu, İranın Rusiyaya dəstək verməsinə, Rusiyaya dronlar və digər silahlar verməsinə cavab ola bilərdimi?

Siyasi şərhçi Azər Həsrət Musavat.com-a bildirib ki, Volodimir Zelenskinin Pəhləvi ilə görüşünü təəssüflə izləyənlərdən biri olub:

“Yəqin ki, Zelenskinin Prezident İlham Əliyevlə görüşündə bu məsələyə hansısa formada izah verilmiş ola bilər. Verilməyibsə belə, bu yöndə Ukrayna tərəfinin bir açıqlama borcu yaranıb. Rza Pəhləvi bizim dostumuz deyil, güney azərbaycanlılar onu sevmir və biz də sevmirik. Biz başa düşürük ki, Ukrayna prezidenti İrana və Rusiyaya acıq vermək üçün Rza Pəhləvi ilə görüş keçirib. Amma o faktoru da nəzərə almalı idi ki, bu cür görüş dost Azərbaycan Respublikasında və azərbaycanlılar tərəfindən yaxşı qarşılanmaya bilər. Ona görə də düşünürəm ki, Ukrayna Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı əlavə aydınlıq gətirməlidir ki, həmin açıqlama məntiqli olsun və bizi təmin edə etsin. Mən vəziyyəti gərginləşdirmək məqsədilə bunları demirəm. Sadəcə dost Ukraynadan gözlənti haqqımız var”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki