100 min il möhürlənəcək: Dünyanın ilk nüvə tullantıları məzarlığı açılır

Finlandiya nüvə tullantılarının uzunmüddətli saxlanması üçün dünyanın ilk daimi yeraltı anbarını istifadəyə verməyə hazırlaşır. Ölkənin Eurayoki bölgəsində, yerin 433 metr dərinliyində inşa edilən “Onkalo” obyektində əməliyyatların bu ilin sonu və ya gələn ilin əvvəlində başlaması gözlənilir.

Təxminən 1 milyard avroya başa gələn layihə Finlandiyanın nüvə reaktorlarından çıxan istifadə olunmuş yanacağın təhlükəsiz şəkildə saxlanması üçün nəzərdə tutulub. Tullantılar xüsusi mis kapsullarda yerləşdirilərək yeraltı tunellərə endiriləcək və proses başa çatdıqdan sonra obyekt ən azı 100 min il müddətinə möhürlənəcək.

Mütəxəssislər bildirirlər ki, radioaktiv tullantılar on minlərlə il təhlükəli olaraq qalacaq. Buna baxmayaraq, Finlandiya Nüvə Təhlükəsizliyi İdarəsi layihənin uzunmüddətli risklərinin qiymətləndirildiyini və nəticələrin müsbət olduğunu açıqlayıb.

Layihə Finlandiyada geniş ictimai dəstək qazansa da, bəzi ekoloqlar belə uzun müddət üçün tam təhlükəsizliyə zəmanət verməyin mümkün olmadığını bildirirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki