12 günlük müharibə: qurulmuş ssenari idi, yoxsa?.. – Detallarbackend

12 günlük müharibə: qurulmuş ssenari idi, yoxsa?.. – Detallar

  İsrailin İrana hücumları, ardınca ABŞ-ın buradakı nüvə obyektlərini bombalaması gərginliyi pik həddə çatdırsa da, tezliklə müharibə başa çatdı. İranın cavab zərbələri, xüsusilə Qətərdəki ABŞ bazasına yönəlmiş raket hücumlarından sonra atəşkəs əldə olundu. 12 günlük müharibənin bu cür bitməsi “qurulmuş ssenari üzrə toqquşma” variantını ağıllara gətirdi.

Referans bildirir ki, Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, Tramp İsrail–İran toqquşmasında maraqlı deyildi və razılaşmanın əldə olunmasına çalışırdı.

Onun sözlərinə görə, Tehranın nüvə silahı əldə etməyəcəyi ilə bağlı zəmanət verməsindən sonra Netanyahu və ABŞ-dəki “sionist lobbisi” ABŞ–İran arasında razılaşmanın əldə olunacağından ehtiyat edərək, Trampa daha ciddi təzyiq etdilər:

“Trampın “İran dinc məqsədlər üçün də uranı zənginləşdirməyə son qoymalıdır” açıqlaması bu təzyiqlərin nəticəsi idi. Netanyahu İrana hücumu reallaşdırmaqla isə ABŞ–İran danışıqlarını pozmağa nail oldu.

İsrailin İrana hücumunda əsas məqsəd ABŞ–İran razılaşmasını pozmaq və bölgədə gərgin durumun davam etməsinə nail olmaqdır. Çünki bölgədə sabitlik yaranarsa, İsrailə qarşı heç bir təhdid olmazsa, o zaman Netanyahuya qarşı korrupsiya ittihamları, girovlarla bağlı vəziyyət, eyni zamanda Beynəlxalq Cinayət Məhkəməsinin qərarı ön plana çıxacaq. Nəticədə Netanyahunun nəinki hakimiyyətdə qalması çətinləşəcək, ümumiyyətlə, onunla bağlı məhkəmə perspektivi yaranacaq. Ona görə də sionizmin İsrail hakimiyyətində qalması üçün daimi düşmən və daimi təhdid ocaqları lazımdır. Bu olmayacağı təqdirdə isə İsrail bunu özü yaradacaq, necə ki yaradır. Ona görə də İrana hücumun əsas məqsədi nüvə deyil”.

Politoloq qeyd edib ki, İsrailin hücumundan sonra ortaya çıxan mənzərə proseslərlə bağlı fikir yürütməyimiz üçün yetərlidir:

“Öncə ABŞ hakimiyyətində İsrailin vurulub-vurulmaması ilə bağlı ziddiyyətlər yarandı. Sadəcə, ABŞ-ın maraqlarını müdafiə edən və Trampın hakimiyyətə gəlməsində ciddi rol oynayan qanad vitse-prezident Vensin simasında ABŞ-ın İranı vurmasına qarşı idilər. Amma eyni zamanda sionist–yevangelist ittifaqı Trampı buna məcbur edirdi. Tramp bir müddət gözləmə mövqeyi tutmaqla həm Netanyahunun təzyiq altında olmasına şərait yaratdı, həm ABŞ ictimai rəyini nəzərə aldı, həm də öz hökuməti daxilindəki ziddiyyətlərlə bağlı uyğun zəminin yaranmasına çalışdı. Tramp o mesajı verdi ki, ABŞ olmasaydı, İran İsraili məhv edə bilərdi və buna görə İrana zərbələrə məcbur qaldığı görüntüsünü yaratdı. Eyni zamanda özünü ABŞ ictimai rəyinə həm İsraili xilas edən, həm İranın nüvə silahını əngəlləyən, həm də atəşkəsə nail olan siyasi lider obrazı kimi təqdim etməyi bacardı.

ABŞ-ın zərbələrindən sonra İranın nüvə silahı əldə edə bilməyəcəyi ilə bağlı açıqlamasını İsrail Prezidenti Hersoqun təkzib etməsi və ABŞ-ın bu zərbələrinin yalnız İranın nüvə silahı əldə etməsini gecikdirdiyini deməsi, İsrailin İran və ümumilikdə Yaxın Şərq planlarının aktuallığını saxladığını deməyə əsas verir. Ona görə də İsraillə İran arasındakı atəşkəs möhkəm təməllərə söykənmir və qalıcı deyil. Eyni zamanda İranın prinsipial mövqeyindən geri çəkilməyəcəyi ilə bağlı bəyanat verməsi, Rusiya və Çinin dəstəyi vəziyyətin daha mürəkkəb xarakter almasını şərtləndirir.

Ümumiyyətlə, birmənalı olaraq qəbul etmək lazımdır ki, teokratik rejimlərin olduğu müddətdə Yaxın Şərqdə heç bir zaman sülh olmayacaq”.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki