Xəbər verdiyimiz kimi Azərbaycanda daha bir qrup dərman vasitəsinin qiyməti tənzimlənib
Dərman qiymətlərinin bahalaşması son illərdə cəmiyyətdə əsas müzakirə mövzularından birinə çevrilib. Bu məsələ, xüsusilə sağlamlıq xərclərinin artması və müalicə üçün lazım olan dərmanların qiymətlərinin yüksəlməsi ilə bağlı narahatlıqları artırır.
Bəs dərman qiymətlərinin bahalaşmasının səbəbləri nədir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən tibbi ekspert Aqil Qeybulla bildirib ki, dərmanların qiymətinin bahalaşması bir çox amildən aslıdır:
”Dərmanlarda qiymət artımı bütün dünyada müşahidə edilir. COVID-19 pandemiyası, Rusiya –Ukranya müharibəsinin yaratdığı problemlər bütün dünya iqtisadiyyatının infrastrukturunda müəyyən maneələrə səbəb oldu. Ona görə də bu gün bir sıra məhsulların qiymətində artım müşahidə olunur. Bu artımı həm Avropa ölkələrində, həm də Azərbaycanda görmək olur. Azərbaycan əsasən idxaldan asılı ölkədir, biz ölkəyə həm qida həm digər sənaye məhsullarını gətiririk. Məhsullar xaricdə bahalaşdığı üçün yerli qiymətlərdə də artımlar qeydə alınır.
Digər tərəfdən də neftin qiymətinin aşağı düşməsi, Azərbaycanın daxili iqtisadi imkanlarına da təsir edir. Həmçinin gömrük rüsumunun qalxması, vergilərin qiymətlərində fərqlərin olması – bütün bunlar dərmanların qiymətinə təsir edir”.
Ekspert dərmanların bahalaşmaması ilə bağlı çıxış yollarını da təklif edib:
“Vətəndaşın dövlət xəstəxanasınada qeydiyyatı varsa, icbari tibbi sığorta ilə müalicə olunduğu dövrdə əhəmiyyətli dərmanlar icbari tibbi siğorta paketinə daxil edilməlidir. Hətta ambulator şəkildə xəstənin sonradan alacağı dərmanlar da bu paketə aid edilməlidir.
Əgər xəstələr özbaşına aptekdən dərman alıb istifadə edirsə, buna görə kimsə məsuliyyət daşımır. Dövlətin bu sahədə birinci əsas qayğısı xəstənin müalicəsi üçün vacib dərmanların icbari tibbi sığorta paketinə daxil edilməsi olmalıdır” – deyə A.Qeybulla bildirdi.