145 YAŞLI DƏMİR YOL

  Artıq 20 ildir hər il oktyabr ayının 13-ü ölkəmizdə dəmiryolu işçilərinin peşə bayramı qeyd edilir. Bu əlamətdar gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə qeyd olunur.

Azərbaycanda dəmiryolunun zəngin tarixi var. Bu tarix başlanğıcını 1880-ci ildən – Bakı–Sabunçu–Suraxanı dəmir yolu xəttinin istifadəyə verildiyi zamandan götürür. Keçdiyi 145 illik yolda Azərbaycan dəmiryolu dünyanın mühüm həlqəsinə çevrilə bilib. Mühüm nəqliyyat marşrutlarının kəsişməsində yerləşməsi həmişə onun əhəmiyyətini göstərib. Bu həm Çar Rusiyası dövründə, həm Sovet İttifaqı vaxtında belə olub. Müstəqil zamanımızda da davam edir. Bakı-Tiflis-Qars dəmiryolu xətti, İpək Yolu, Orta Dəhlizdə Azərbaycanın aparıcı rolu bunu bir daha təsdiq edir. Hazırda TRİPP – Zəngəzur Dəhlizi layihəsinin gerçəkləşməsi istiqamətində atılan addımlar, həmçinin sərnişindaşıma, yükdaşıma, geniş logistik imkanları Azərbaycan dəmiryolunun önəmini daha da artırır.

Bu peşə bayram günü “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov başda olmaqla zəhmətkeş dəmiryolçularımızı öz adımızdan səmimi qəlbdən təbrik edirik. 145 yaşı olan kollektivin şərəfli keçmişi, indiki uğurları gələcək perspektivinə böyük ümidlər yaradır.

Biz dəmiryolu sahəsində həmişə nizam-intizam görməyə adət etmişik. Bu indi də davam edir. Ənənəni yaşadanlar isə bu işin içində möhkəmlənib məsuliyyətini dərk edənlər. Belə şəxslərdən biri Azərbaycan Dəmir Yollarının əməkdaşı Natiq Nağıyevdir. Natiq müəllim hazırda ADY-nin şöbələrindən birinin müdiridir. Yeri gəlmişkən, peşə bayramı münasibətilə rəhbərlik etdiyi şöbənin aparıcı mütəxəssisi Məlahət Əfəndiyeva ADY sədri Rövşən müəllim tərəfindən təşəkkürnamə ilə mükafatlandırılıb.

Natiq müəllimin təşkilatçılıq qabiliyyəti həm işində, həm də ictimai sferada da özünü göstərir. O bir müddət ADY-nin Ukraynadakı nümayəndəsi kimi çalışıb. Həmin dövrdə işlə yanaşı ictimai fəallığı ilə seçilib. Əsasən Odessada diaspor işinin təşklinə, inkişafına təkan verib. Natiq Nağıyev Ukraynada yaşayan soydaşlarımıza çox məsələlərdə daim kömək əlini əsirgəməyib. O, nüfuzundan, imkanlarından istifadə edərək həmişə həmvətənlərin, Azərbaycanın naminə işlər görüb. İndi də həmin missiyasını davam etdirir.

Bir daha əziz dəmiryolçularımızın 145 yaşlarına mübarək deyirik. Onların keçmişi ilə qürur duyur, uğurlarına sevinir, gələcək uğurlarına inanırıq.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki