image-ankara-baki-1-900x519-1backend

17 il əvvəl Bakıda yaşanan dəhşət: Bu dəfə Türkiyə sarsıldı – Nələr baş verir?

Son günlər Türkiyə məktəblərində baş verən hücum hadisələri Azərbaycanda da böyük diqqətlə izlənilir. Belə ki, analoji hadisə 17 il əvvəl – 2009-cu il aprelin 30-da Bakıda, Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) da yaşanmışdı. Həmin vaxt Fərda Qədirov adlı silahlı terrorçu ADNA-ya hücum edərək 13 nəfəri qətlə yetirmişdi.

Bu tip hücumların arxasında nə dayanır? Niyə məhz təhsil müəssisələri hədəf seçilir? Bu yolla hansı mesaj verilir?

Referans Media xəbər verir ki, globalinfo.az-a danışan deputat Fariz İsmayılzadə bildirib ki, Türkiyədəki hücumlarda həm xarici qüvvələrin müdaxiləsi, həm də daxili sosial gərginlik amilləri rol oynaya bilər:

“Daha geniş baxdıqda isə gənclərin tərbiyəsinə təsir edən amillər arasında sosial şəbəkələrin rolu xüsusilə qeyd olunmalıdır. Aqressiv video oyunlar və ümumi psixoloji gərginlik də bu prosesə təsir edir. Son dövrlərdə müşahidə edirik ki, ölkədən asılı olmayaraq – istər Amerikada, istərsə də digər ölkələrdə gənclər daha çox stress və aqressiya içində olur”.

Deputat əlavə edib ki, sosial mühit və münasibətlər də gənclərin psixoloji durumuna ciddi təsir göstərir:

“Bəzən sosial şəbəkələrin təsiri, bəzən isə dostlar arasında yaşanan gərginlik onların psixoloji vəziyyətinə mənfi təsir edir və bu kimi ağır nəticələrə gətirib çıxara bilir. Biz də öz ölkəmizdə diqqətli olmalıyıq ki, gənclər düzgün tərbiyə alsın, adekvat psixoloji dəstək görsün, tənhalıq və depressiyaya düşməsin, aqressiya formalaşdırmasın”.

F.İsmayılzadə deyib ki, ADNA hadisəsi xeyli əvvəl baş verib və onu indiki hadisələrlə birbaşa əlaqələndirmək çətindir:

“Təhsil müəssisələrinin hədəf seçilməsinə gəlincə, bu cür məkanlar adətən zəif mühafizə olunur və kütləvi xarakter daşıyır. Eyni zamanda, gənclər arasında artan stress və psixoloji problemlər də bu kimi hallara zəmin yaradır. Öz növbəmdə Türkiyə xalqına və dövlətinə başsağlığı verirəm”.

Təhlükəsizlik məsələləri üzrə ekspert, politoloq Elşad Həsənov isə deyib ki, dünya nizamı ilə yanaşı təfəkkür və düşüncələr də dəyişir:

“Dünyanın hər yerində müharibələr getdiyi üçün gənclərin psixoloji durumunda da böyük dəyişikliklər baş verir. İndiki çətin və qarışıq dövrdə məktəblər yaxşı mühafizə olunmalıdır. Məktəblərdə, kütləvi toplaşma yerlərində təhlükəsizlik tədbirləri gücləndirilməlidir. Məktəblərə daxil olan şəxslər yoxlanılmalı, silah və sursatın içəri keçirilməsi qəti şəkildə qadağan edilməlidir. Hesab edirəm ki, bu hadisədən sonra Türkiyədə ciddi işlər aparılacaq. Məsələn, qanunsuz silahlar yığışdırılmalıdır! Həmçinin silah saxlamaq üçün icazəsi olan şəxslər də silahlarını elə saxlamalıdırlar ki, uşaqların və gənclərin əlinə keçməsin”.

E.Həsənovun fikrincə, bu yolla gələcəkdə belə hadisələrin baş verməsinin qarşısını almaq olar:

“Çünki gənclərin psixologiyasında müəyyən dəyişikliklər baş verə bilər. Artıq sübut olunur ki, bəzən kiçik bir münaqişə böyük və qanlı hadisəyə çevrilə bilir. Ona görə hesab edirəm ki, bütün məktəblər mühafizə altında saxlanılmalıdır. Mühafizəçilər olmalı və eyni zamanda məktəblərdə peşəkar psixoloqların fəaliyyəti təmin edilməlidir.
Niyə məhz təhsil müəssisələri hədəf seçilir? Təbii ki, bunun səbəbi məktəblərdə insanların kütləvi şəkildə bir araya gəlməsidir. Bəzən bir məktəbdə minlərlə şagird təhsil alır. Bu baxımdan belə yerlər mütləq qorunmalıdır ki, gələcəkdə bənzər hadisələr baş verməsin”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki