2 min tələbə bir xəbərə görə ayağa qalxdı: universitet binası yandırıldı

Hindistanın Pəncab ştatında minlərlə tələbə universitetdə etiraz aksiyası keçirib.

Referans Media xəbər verir ki, bu barədə “India Today” məlumat yayıb.

Bildirilib ki, buna səbəb sosial şəbəkələrdə yayılan xəbər olub.

Belə ki, “Lovely Professional University”-nin (LPU) kampusunda bir tələbə qızın zorlandığı və daha sonra intihar etdiyi barədə məlumatlar paylaşılıb.

Polis isə bu iddiaları təsdiqləməyib və hadisə ilə bağlı heç bir şikayət daxil olmadığını bildirib.

Buna baxmayaraq, təxminən 2 min tələbə qızlar yataqxanasının qarşısına toplaşıb.

Etirazçılar daha sonra magistral yolu bağlayıb, universitetin əmlakına zərər vurub, pəncərələri sındırıb və kampusdakı bəzi tikililəri yandırıblar.

Sosial şəbəkələrdə yayılan bəzi paylaşımlarda universitet əməkdaşlarından birinin də hadisəyə aidiyyəti olduğu iddia edilib. Polis bu məlumatları da təsdiqləməyib.

Universitet yayılan məlumatları “yalan, əsassız və saxta” adlandırıb. Polis isə hazırda zorlanma iddiasını təsdiqləyən heç bir sübutun olmadığını açıqlayıb.

Qeyd edək ki, sentyabrın 25-də Pəncabdakı Çitkara Universitetində də sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş məlumatlar tələbə etirazlarına və qarşıdurmaya səbəb olmuşdu. Belə ki, iki tələbə qızın itkin düşməsi və intihar etməsi barədə yayılan iddialar sonradan universitet və polis tərəfindən təkzib edilmişdi./globalinfo.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki