2027-ci ildə ucuz kredit ümidi varmı? - Banklar kredit faizlərini bu halda aşağı salacaqlar

2027-ci ildə kredit götürməyi planlaşdıran vətəndaşları maraqlandıran əsas suallardan biri bank faizlərinin azalıb-azalmayacağıdır. Xüsusilə istehlak və ipoteka kreditləri üzrə faiz dərəcələrinin dəyişməsi həm ailə büdcələrinə, həm də kredit bazarındakı aktivliyə birbaşa təsir göstərir.

Mərkəzi Bank oktyabrın 29-da uçot dərəcəsini illik 6,5 faiz səviyyəsində saxlayıb, faiz dəhlizinin digər parametrlərində də dəyişiklik etməyib.

Bəs bu qərar 2027-ci ildə kredit bazarına necə təsir göstərəcək? Yeni ildə banklardan daha aşağı faizlə borc götürmək mümkün olacaqmı? Kredit faizlərinin formalaşmasında uçot dərəcəsi ilə yanaşı, hansı iqtisadi amillər həlledici rol oynayır?

Referans Media xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Musavat.com-a danışıb.

XALİD SON.png (554 KB)

İqtisadçı bildirib ki, Mərkəzi Bankın uçot dərəcəsi kommersiya banklarının kredit faizlərinə hələlik ciddi təsir göstərmir:

“Uçot dərəcəsi, təəssüf ki, kommersiya banklarının faizlərinə ciddi təsir etmir. Mərkəzi Bank buna təsir göstərməyə çalışır, amma hələlik ölkədə formalaşan faiz dərəcələrinə ciddi təsir edə bilmir. Bununla belə, müsbət addımlar da var. Mərkəzi Bank ekspertlərlə görüşlərdə bu məsələləri müzakirə edir, müəyyən kiçik addımlar atır”.

Xalid Kərimli qeyd edib ki, mövcud vəziyyətin arxasında obyektiv iqtisadi səbəblər dayanır. Bunlara iqtisadiyyatın şəffaflıq səviyyəsi, strukturu və bank aktivlərinin ümumi iqtisadiyyatda payı daxildir.

“İqtisadiyyatın strukturu, maliyyə sektorunun buradakı rolu, nağd pul kütləsinin ümumi pul kütləsində 40-45 faiz kimi yüksək paya malik olması Mərkəzi Bankın təsir imkanlarını məhdudlaşdırır. Başqa sözlə, pul kütləsinin əhəmiyyətli hissəsi hələ də bank sektorundan kənarda qalır. Bu səbəbdən uçot dərəcəsinin aşağı salınması kommersiya banklarının faizlərinə avtomatik təsir göstərmir”, – deyə o vurğulayıb.

İqtisadçının sözlərinə görə, kommersiya banklarında kredit faizlərinin aşağı düşməsi üçün ilk növbədə bankların cəlb etdiyi vəsaitlərin maya dəyəri azalmalıdır. Bununla yanaşı, əsas amillərdən biri də bank sektorunda rəqabətin gücləndirilməsidir.

“Əgər bank öz vəsaitini daha yüksək faizlə sata bilirsə, niyə onu ucuz satsın? Yüksək faizlə istədiyi həcmdə kredit verə bilirsə, aşağı faiz təklif etməkdə maraqlı olmayacaq. Ona görə də kredit faizlərinin azalması üçün rəqabət mühiti genişlənməlidir”, – deyə Xalid Kərimli bildirib.

Ekspert Mərkəzi Bankın kredit faizlərinin aşağı düşməsini istəyəcəyi təqdirdə iki istiqamətdə addım atmalı olduğunu düşünür. Bunlardan birincisi məcburi ehtiyat normalarının yenidən nəzərdən keçirilməsidir.

“2023-cü ilin dekabrında məcburi ehtiyat normaları 1-2 faizdən 20-25 faizə qaldırıldı. Bundan sonra faiz dərəcələri də sürətlə yüksəldi. Banklar cəlb etdikləri depozitlərin müəyyən hissəsini Mərkəzi Bankda məcburi qaydada saxlamalı olurlar. Bu vəsaitlər bankların sərbəst istifadə imkanlarını məhdudlaşdırır. Mərkəzi Bank kredit faizlərinin azalmasını istəyirsə, ilk növbədə məcburi ehtiyat normalarına yenidən baxmalıdır. Əgər Mərkəzi Bank müştərilərin xeyrinə dəyişiklik istəyirsə, bank sektorunda rəqabət mühitini yaxşılaşdırmalıdır. Rəqabət olduqda qiymət də daha ədalətli formalaşır. Mərkəzi Bank məhz bu rəqabəti genişləndirməyə çalışmalıdır ki, kredit faizləri aşağı düşsün”, – deyə iqtisadçı əlavə edib.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki