İllərlə işləyib pensiya kapitalı toplayanlara PİS XƏBƏR: Onu götürə bilməyəcəksiniz!

Azərbaycanda çalışan vətəndaşların əmək fəaliyyəti müddətində fərdi hesablarında pensiya kapitalı formalaşır. Lakin pensiya yaşına çatdıqda həmin kapitalı bütövlükdə birdəfəlik əldə etmək mümkün deyil. Bu isə vətəndaşlar arasında suallar yaradır: Əmək fəaliyyəti dövründə toplanan pensiya kapitalı niyə şəxsin özünə tam şəkildə verilmir? Vətəndaş həmin vəsaitə sərəncam vermək hüququna hansı hallarda malikdir?

Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, hüquqşünas Sahib Məmmədov bildirib ki, Azərbaycanda pensiya sistemi həmrəylik prinsipi əsasında fəaliyyət göstərir və fərdi hesablarda qeydə alınan pensiya kapitalı şəxsin sərəncamında olan real pul vəsaiti hesab edilmir.

Hüquqşünasın sözlərinə görə, pensiya kapitalının birdəfəlik ödənilməməsinin əsas səbəbi mövcud pensiya sisteminin işləmə mexanizmidir.

“Azərbaycanda pensiya sistemi həmrəylik prinsipi üzərində qurulub. Bu prinsipə əsasən, hazırda işləyən vətəndaşların ödədiyi sosial sığorta haqları həmin dövrdə pensiya alan şəxslərin təminatına yönəldilir. Yəni sistemə daxil olan vəsaitlər ümumi maliyyələşmə mexanizmi çərçivəsində bölüşdürülür”.

Sahib Məmmədov qeyd edib ki, vətəndaşların fərdi hesablarında əks olunan pensiya kapitalını adi bank hesabında toplanan vəsaitlə eyniləşdirmək düzgün deyil:

“Fərdi hesabda qeydə alınan pensiya kapitalı real pul şəklində toplanmır. Bu, vətəndaşın gələcək pensiya təminatının hesablanması üçün istifadə olunan şərti uçot göstəricisidir. Yəni həmin məbləğ şəxsin istədiyi vaxt çıxara biləcəyi və ya sərbəst şəkildə istifadə edə biləcəyi vəsait deyil”.

Hüquqşünas vurğulayıb ki, pensiya sistemində ödənişlər fərdi hesabda göstərilən kapitalın birbaşa qaytarılması yolu ilə deyil, ümumi maliyyə mənbələri hesabına həyata keçirilir:

“Sığorta prinsipi ilə işləyən bu sistemdə pensiya hüququ qazanan şəxslərə ödənişlər fərdi hesabda qeydə alınmış məbləğin qaytarılması formasında həyata keçirilmir. Ödənişlər ümumi fondun daxilolmaları hesabına təmin olunur. Eyni mexanizm stajı kifayət edən şəxslərə, əlilliyi olan vətəndaşlara və ailə başçısını itirmiş şəxslərə münasibətdə də tətbiq edilir”.

Sahib Məmmədovun sözlərinə görə, mövcud sistemdə pensiya kapitalının birdəfəlik əldə edilməsi deyil, aylıq pensiya ödənişi mexanizmi nəzərdə tutulub:

“Hazırkı sistemdə vətəndaşın fərdi hesabında formalaşan pensiya kapitalını pensiya yaşına çatdıqda bütövlükdə götürməsi mümkün deyil. Bu kapital aylıq pensiyanın hesablanması və ödənilməsi üçün əsas göstəricilərdən biridir”.

Hüquqşünas əlavə edib ki, vətəndaşın vəfatı ilə bağlı hallarda da pensiya kapitalının vərəsələrə avtomatik olaraq birdəfəlik verilməsi nəzərdə tutulmur. Bu məsələlər qanunvericilikdə müəyyən edilmiş sosial təminat və vərəsəlik qaydaları çərçivəsində tənzimlənir.

Beləliklə, fərdi hesabda görünən pensiya kapitalı vətəndaşın sərbəst şəkildə çıxara biləcəyi şəxsi yığım hesab edilmir. Mövcud pensiya sistemində bu vəsait gələcək pensiya təminatının hesablanmasında istifadə olunur və ödənişlər aylıq pensiya formasında həyata keçirilir.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki